Bakı, 6 avqust, AZƏRTAC
İyulda daşınmaz əmlakın icbari sığortası üzrə 7 min 893 sığorta müqaviləsi bağlanılıb.
İcbari Sığorta Bürosundan (İSB) AZƏRTAC-a verilən məlumata görə, ötən ay daşınmaz əmlakın icbari sığortası üzrə daxil olan sığorta haqlarının məbləği isə 1,3 milyon manat təşkil edib. Daşınmaz əmlakın icbari sığortası müqavilələrinin 69,35 faizi yaşayış evləri və mənzillər, 0,38 faizi inzibati binalar, 30,27 faizi isə digər daşınmaz əmlakla bağlı olub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə daşınmaz əmlakın icbari sığortası müqavilələrinin sayında 4,9 faiz, sığorta haqlarının məbləğində isə 9,4 faiz azalma müşahidə edilib.
İyulda daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası üzrə 369, sərnişinlərin icbari fərdi qəza sığortası üzrə 9 sığorta müqaviləsi bağlanılıb. Daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası üzrə daxil olan sığorta haqları 27 min 930 manat, sərnişinlərin icbari fərdi qəza sığortası üzrə daxil olan sığorta haqları isə 1 819 manat təşkil edib.