Roman Qriqorçuk: "Rəqibə əlavə hücum şansı yaratmamaq üçün bunu etmədim"

Roman Qriqorçuk: "Rəqibə əlavə hücum şansı yaratmamaq üçün bunu etmədim"
23:49 6 Avqust 2015
64 İdman
Ölkə mətbuatı
A- A+

 “Çox xəşbəxtik. Hamıya minnətdarlıq edirəm”. Apasport.az saytının məlumatına görə, bunu “Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk deyib.

 

UEFA Avropa Liqasının III təsnifat mərhələsi çərçivəsində “Apollon”u qəbul edən “Qəbələ” meydançanı 1:0 hesablı qələbə ilə tərk edib. Kiprdəki ilk qarşılaşmada qollu bərabərliyə (1:1) imza atan təmsilçimiz bununla da pley-off mərhələsinə vəsiqə qazanıb.

 

Roman Qriqorçuk matçdan sonra keçirilən mətbuat konfransında sözlərinə bu cür davam edib:

 

“Azarkeşlərə sevinc bəxş etdiyimiz üçün şadıq. Onlar da bizi çox gözəl şəkildə təmsil etdilər”.

 

- Ürfan Abbasov qırmızı vərəqə aldı. Cavid Hüseynov da sarı vərəqəyə görə cəzalı vəziyyətə düşdü. Növbəti mərhələdə onların yoxluğu problem yaratmayacaq?

- Əlbəttə, çətin olacaq. Çünki əsas heyətin oyunçuları növbəti oyunda iştirak etməyəcək. Artıq çempionat da başlayır. Amma ehtiyatda da oyunçularımız var. Onlar da yaxşı futbolçulardı. Hesab edirəm ki, zədəlilərimiz də qayıdacaq. Belə ərəfədə onların dönüşü çox vacibdi.

 

- Futbolçularınız çox vərəqə alırlar. Bu amil qarşıdakı oyunlarda sizə problem yaratmaz?

- Nizam-intizamla bağlı komanda ilə söhbətimiz olmuşdu. Amma buna baxmayaraq, Cavid yenə intizamı pozdu. Onu çox istəyirəm. Amma bu hərəkətlərinə görə ondan narazıyam. Bu qədər söhbətə baxmayaraq, yenə əsəblərinə hakim ola bilmədi. Onunla yenə söhbətimiz olacaq.

 

- Cavid buna görə, cəzalanacaqmı?

- Cavidi cəzalandırmaq olardı. Amma onu o qədər çox istəyirəm ki, bunu etmək istəmirəm. Cavid yəqin özü səhvini başa düşüb, bir də belə etməz. Mən istərdim biz özümüzü elə aparaq ki, televiziyada bizi izləyən azarkeşlər onlardan nümunə götürsünlər.

 

- Qrupa düşsəniz, onda bizi nə ilə təəccübləndirəcəksiniz?

- Təki biz qrupa düşək, sürprizi hər şəkildə edərik.

 

- Oyunun gedişində sanki Vernidub və Mirzəbəyovu meydançaya daxil etmək fikrinə düşdünüz. Sonradan fikrinizi dəyişməyə nə səbəb oldu?

- Mən hesab edirəm ki, son dəqiqələrdə əvəzetməyə əl atsaydıq, oyunun daha 30 saniyə uzanmasına səbəb olardıq. Ürfan qırmızı vərəqə aldığı üçün Vernidubu meydana daxil etmək istəyirdim. Amma rəqibə əlavə hücum şansı yaratmamaq üçün bunu etmədim.

 

- Rəqib barədə nə deyə bilərsiniz?

- Bu rəqiblə oynamaq çox da asan deyil. Sadəcə, futbolçular emosiyalara qapıldıqları üçün tam yaxşı oyun olmadı. Rəqib də sürətli komanda idi. İdeal olmasaq da, pis çıxış etmədik.

 

- Pley-off mərhələsi haqda nə düşünürsünüz?

- Biz növbəti mərhələdə hansısa ölkənin çempionuna qarşı oynayacağıq. Çempion isə hər yerdə çempiondu. Çox çətin olacaq.

 

- Meydançada Ukrayna bayrağı görmədik. Nəyə görə?

- Həmin bayraq mənim ürəyimdədi. Növbəti matçda görəcəksiniz.

 

- Azərbaycanda xoşbəxtsinizmi?

- Burda çox rahatam. Yalnız yoldaşlıq, dostluq, mehribanlıq görürəm.

 

- “Apollon”un baş məşqçisi bu gün mətbuat konfransına gəlsə, onu boykot etmək fikrinə münasibətiniz necə olar?

- Hər kəsin öz fikri var. Amma mən düşünürəm ki, həmin məşqçi mətbuat konfransına gəlməməklə səhv edib.

 

- Rəqib ilk matçda penaltiyə görə etiraz etdi. Bu dəfə də penalti verildi və baş hakim “Apollon”un baş məşqçisinin həmyerlisi idi...

- Hər iki oyunda penalti var idi və baş hakim də doğru olanı etdi. Hakimlər UEFA tərəfindən təyin olunur və onlar da bu peşənin ən yaxşılarıdı. Hakim üçün əsas qaydalardı.

 

- Havaların isti keçdiyini nəzərə alsaq, aerodromu nə vaxta kimi taxmaq fikrindəsiniz?

- Razılaşdığımız kimi təkcə mətbuat konfransında. Burdan gedən kimi, çıxaracam.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/210817

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR