“Seltik”lə oyunsonrası düşüncələr və Tahir Gözələ müraciət

"Tahir bəy, tale belə gətirdi ki, “Qarabağ” üçün Bakıda stadion inşa etməyi qərara aldınız və arenanın artıq hazır olduğu bildirilir. Sevimli komandanın hətta avqustun 15-də ölkə çempionatının II turu çərçivəsində “Rəvan”ı məhz yeni məkanda qəbul edəcəyi barədə xəbərlər dolaşır. Bilmirəm, stadionun adı ilə bağlı hansısa konkret fikir varmı, ya yox, ancaq zənnimcə, “İmarət” ən doğru və hər kəsin ürəyindən xəbər verən seçim olardı..."

I HİSSƏ

“Seltik”lə oyundan evə qayıdan kimi “Qarabağ”ın tarixi qələbəsindən yazmağı çox istəyir, o arzunun gerçəkləşməsini arzulayırdım. “Futbol Məkkəmiz” “Tofiq Bəhramov” stadionuna gedərkən də yolda xəyalən elə o yazını yazırdım. İlk cümləm də belə olacaqdı – “Seltik”lə tarixi görüşdən evə qayıdanda saatlar 12-ni keçmiş və tarixi zəfərin qazanıldığı tarix artıq qürurverici tariximizə çevrilmişdi...”

...Alınmadı! “Qarabağ”ın vitse-prezidenti Tahir Gözəlin də şotlandlarla oyundan sonrakı ilk sözü bu oldu – alınmadı!

Bəli, UEFA Çempionlar Liqasında “pley-off”a yüksəlmək istəyimiz alınmadı. Ancaq alınan da nələrsə oldu. Ən azı, Azərbaycanın klub futbolu tarixində daha bir möhtəşəm gün yaşandı. Ağzınadək dolu stadion, tribunalardakı ecazkar coşğu, bənzərsiz həyəcan, yanıb-yaxılmalar... Etiraf edək, axı, bunların hamısı futbolun özəl gözəllikləridir, tərkib hissəsidir, onu sevdirən amillərdir. Düz 16 il əvvəl, “Neftçi” Bakıda “Srvena Zvezda” ilə oyunda 2:0 öndə ikən təxminən 2 dəqiqəyə 3 top buraxaraq uduzarkən “Futbol+” qəzetində yazmışdım: “Futbol kədəri ilə də gözəldir”. “Seltik” macərasından sonra müqəddəs məkanı o gözəl kədəri yaşaya-yaşaya tərk edirdim – təəssüflənə-təəssüflənə, istəməyə-istəməyə, iztirab çəkə-çəkə, için-için ağlaya-ağlaya...

Alınan başqa məqamlar da var: təmsilçimizin dünyanın ən nüfuzlu və reytinqli turnirində həlledici mərhələyə düşə bilməməsinə təəssüflənməyimiz, “Seltik” kimi yaşı 100-ü keçmiş zəngin təcrübəyə malik komandanı məğlub etmək barədə düşünməyimiz, xəyalımıza belə gətirmədiyimiz Avropa Liqasının qrup mərhələsinə düşməyin get-gedə adiləşməsi, əvəzində ÇL-in qrupunda oynamaq iddiasının yaranması özlüyündə müsbət haldır, irəliyə addımdır və yaxın gələcəkdə bizi gözləyən uğurlara gedən yolda əhəmiyyətli stimuldur.

Hər idmançı, komanda təmsil etdiyi ölkənin simasıdır, güzgüsüdür. Bu məsuliyyəti dərk etmədən, zirvəyə addım-addım yüksəlmək fəlsəfəsinin alternativsizliyini anlamadan nə hədəfə çatmaq mümkündür, nə də ölkənin layiqli təmsilçisi olmaq. Ölməz şairimiz Bəxtiyar Vahabzadə də deyirdi ki, “zirvəyə qalxmaq yavaş-yavaş, aram-aram, zirvədən enmək qəfildən, birdən-birə”.

II HİSSƏ

“Qarabağ”da bu fəlsəfə dəqiq başa düşülür və icra olunur. Məhz ona görə komandanın uğuru davamlı şəkil alıb və “Qarabağ” aram-aram, yavaş-yavaş markaya çevrilməyə başlayır. “Seltik”in baş məşqçisi, norveçli mütəxəssis Ronni Deylanın “Qarabağ” əsl Avropa komandasıdır” fikri, bu mənada, etika xatirinə deyilməyib, real vəziyyətə peşəkar yanaşma, peşəkar etirafdır.

Bir mühüm məsələ də klub rəhbərliyinin verdiyi sözə əməl etməsi, əsası olmayan, yalançı vədlərdən uzaq durması, hədəfləri reallıqlara görə müəyyənləşdirməsi, ictimai fikrə hörmətlə yanaşmasıdır. Media ilə sıx təmasda olan və səmimiyyəti ilə seçilən Tahir bəyin ictimaiyyətin rəyinə həssas münasibətini sübut edən ən xatırlanılası fakt komandanın adı ilə bağlı müraciətə yüksək alicənablıqla yanaşıb, “Qarabağ-Azərsun”un yenidən “Qarabağ” adlandırılmasına qərar verməsidir.

Çox hörmətli Tahir Gözəl, çıxışlarınızda həmişə dediyiniz “Futbolda etdiklərimiz taleyinə köçkünlük yazılan, ağrılı-acılı həyatı yaşamaq məcburiyyətində qalan qəlbi yaralı qarabağlıların yarasına, azacıq da olsa, məlhəmdirsə, bu ən böyük nailiyyətimizdir” sözlərinə təkcə “Qarabağ” azarkeşləri deyil, bütün qarabağlılar, hər bir azərbaycanlı sonsuz təşəkkür hissi ilə yanaşır, işinizi, çəkdiyiniz zəhməti, əziyyəti yüksək qiymətləndirir.
Sizinlə söhbətlərimizin birində Ağdamda “Qarabağ”ın “ev” oyunlarını keçirdiyi stadionun “İmarət” adlandığından danışdıq. Dediniz ki, inşallah gün gələr düşmənin tar-mar etdiyi “İmarət”i ən müasir hala gətirərik. Öz növbəmdə təşəkkür edib, “Siz onsuz da “Qarabağ”ı yaşatmaqla hər birimizin qəlbində bir “İmarət” tikmisiniz” dedim.

Tahir bəy, tale belə gətirdi ki, “Qarabağ” üçün Bakıda stadion inşa etməyi qərara aldınız və arenanın artıq hazır olduğu bildirilir. Sevimli komandanın hətta avqustun 15-də ölkə çempionatının II turu çərçivəsində “Rəvan”ı məhz yeni məkanda qəbul edəcəyi barədə xəbərlər dolaşır. Bilmirəm, stadionun adı ilə bağlı hansısa konkret fikir varmı, ya yox, ancaq zənnimcə, “İmarət” ən doğru və hər kəsin ürəyindən xəbər verən seçim olardı...

Rövşən BİNNƏTLİ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR