Bakı, 7 avqust, AZƏRTAC
Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzi mövsümlə əlaqədar baş verən qida zəhərlənməsi hallarının səbəblərini diqqətlə araşdırır.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, bu məqsədlə müvafiq təhqiqat işləri həyata keçirilir. Qida məhsullarının hazırlanması, saxlanması, daşınması və istifadəsi zamanı sanitariya norma və qaydalarının pozulması halları müəyyənləşdirilir.
Qeyd etmək lazımdır ki, ev şəraitində qida məhsullarının hazırlanmasına dövlət sanitariya nəzarətinin həyata keçirilməsi mövcud qanunvericiliklə nəzərdə tutulmayıb.
Ümumiyyətlə qida zəhərlənmələrinin baş verməsinin əsas səbəbi ərzağın emalı, saxlanması, daşınması və satışı zamanı müvafiq qaydaların və normativlərin pozulması nəticəsində onun bakteriyalarla çirklənməsi ola bilər. Bu cür halların baş verməsi əsasən termiki emaldan keçmiş qidaların, soyuq qəlyanaltıların, kremli tortların, saxlanması soyuq mühit tələb edən digər qidaların saxlanma şəraitinə və müddətinə əməl olunmamasıdır.
Qida zəhərlənməsi baş vermiş ictimai iaşə müəssisəsinin rəhbərləri, sahibkarlar və fiziki şəxslər Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yol verilmiş sanitariya norma və qaydalarının pozulmasına görə məsuliyyət daşıyırlar. Nazirlik zəhərlənmə hallarının qarşısını almaq məqsədilə ictimai iaşə obyektləri tərəfindən bir sıra qabaqlayıcı tədbirlərin görülməsini vacib hesab edir. İctimai iaşə obyektlərində sanitariya norma və qaydalarının tələblərinə əməl olunmalı, iaşə sahəsində çalışan işçilərin bu qaydalara dair bilikləri artırılmalıdır.