Azərbaycanın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında qadınların rolu artır

Azərbaycanın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında qadınların rolu artır
16:43 26 Yanvar 2015
473 Ölkə
Ölkə mətbuatı
A- A+


Masallı, 26 yanvar, Bağır Əliyev, AzərTAc 
Azərbaycanın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında qadınların rolunun artması və fəaliyyət dairəsinin genişləndirilməsi ölkəmizin uğurlarından biridir. Bu gün həyatımızın elə bir sahəsi yoxdur ki, orada qadınlar çalışmasın. Öz vətəndaş mövqeyi, qadın hünəri ilə onlar kişilərlə çiyin-çiyinə əmək fəaliyyətlərini davam etdirirlər. Qadınlarımız tükənməz enerji və məhəbbətlə doğma ocağında-ailəsində ömürlərinin şərəfli səhifələrini yaşamaqla bərabər, cəmiyyətdəki aktual problemlərin həllində də fəallıq nümayiş etdirirlər.
AzərTAc qeyd edir ki, bu fikirlər Yeni Azərbaycan Partiyası (YAP) Masallı rayon təşkilatı qadınlar şurasının 2014-cü ilin yekunları və cari ildə qarşıda duran vəzifələrə həsr edilmiş hesabat yığıncağında səslənib.
Toplantıda şuranın sədri Gülşən Xəlilova hesabat məruzəsi ilə çıxış edib. Məruzədə cəmiyyətin inkişafında qadınların rolundan söhbət açılaraq onların ölkəmizdə dövlət qadın siyasətinin uğurla həyata keçirilməsində, respublikada, eləcə də rayonda gedən ictimai, siyasi, iqtisadi, mədəni proseslərdə fəal iştirak etmələri diqqətə çatdırılıb.
Qeyd olunub ki, Azərbaycanın birinci xanımı, Yeni Azərbaycan Partiyası sədrinin müavini, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevanın ədalət, humanizm, xeyriyyəçilik və digər bəşəri prinsiplərə söykənən, sərhəd tanımayan çoxşaxəli fəaliyyəti nəinki ölkə, hətta dünya qadınları üçün nümunə və örnəkdir.
Bildirilib ki, müstəqil Azərbaycan dövlətinin qurucusu, ümummilli lider Heydər Əliyev ölkəyə rəhbərlik etdiyi bütün dövrlərdə qadınlarımızın əməyini yüksək qiymətləndirib. Bu gün bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Diqqətə çatdırılıb ki, YAP Masallı rayon təşkilatı üzvlərinin 28,2 faizini qadınlar təşkil edir. Onlardan 679 nəfəri ali, 813 nəfəri isə orta-ixtisas təhsillidir. 2014-cü ildə YAP sıralarına daxil olanların 34,1 faizini qadınlar təşkil edib. YAP sıralarına daxil olan qadınların əksəriyyəti dövlət qulluğunda, səhiyyə, təhsil, mədəniyyət müəssisələrində və digər sahələrdə uğurla çalışır.
Hesabat yığıncağında çıxış edənlər ötən il rayonda görülən işlərdə, həyata keçirilən tədbirlərdə qadınların fəal iştirakından söhbət açaraq mövcud problemlərlə bağlı təkliflərini bildiriblər.
Tədbirin sonunda partiyanın və rayonun ictimai-siyasi həyatında fəal iştirak edən qadınların bir qrupuna qiymətli hədiyyələr verilib.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR