Tehran, 12 avqust, AZƏRTAC
İranın Qərbi Azərbaycan vilayətində dərc olunan “Dəniz” qəzeti AZƏRTAC-ın Türkiyə üzrə xüsusi müxbiri Sabir Şahtaxtının İstanbulda Azərbaycan, türk, fars, rus və ingilis dillərində çap edilən “Böyük Ermənistan” xülyası: faktlar və sübutlar” adlı kitabı haqqında məlumat yayıb.
Kitabın ön sözünün müəllifi Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi, professor Əli Həsənovdur.
AZƏRTAC-ın baş direktoru Aslan Aslanovun məsləhəti ilə yazılan kitaba professorlar Elman Nəsirov, Musa Qasımlı və İbrahim Öztək rəy veriblər.
Ön söz, iki fəsil və nəticədən ibarət kitabda ermənilərin dünyanın ayrı-ayrı ölkələrində törətdikləri terror, qətl, qarət və digər mütəşəkkil cinayətləri əks etdirən yüzdən artıq sənəd yer alıb.
Professor Əli Həsənov ön sözdə yazır: “Azərbaycanın məruz qaldığı erməni təcavüzünə 1918-ci ilə qədər erməni millətçiləri və din xadimləri başçılıq ediblər. Müasir dövrdə isə Azərbaycan xalqına, onun dövlətçiliyinə, ərazi bütövlüyünə, milli-psixoloji sabitliyinə qarşı yönəlmiş erməni təcavüzkarlığı məhz işğalçı Ermənistan dövlətinin birbaşa himayədarlığı ilə davam etməkdədir... Kitabda toplanmış çoxsaylı faktlar, onların ilkin informasiya mənbələrinin göstərilməsi və digər həqiqətlər Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin dünəni və bu günü, səbəb və nəticələrinin araşdırılması ilə məşğul olan, o cümlədən uydurma “erməni məsələsi”ndən doğan proseslərə maraq göstərən tədqiqatçılar üçün mühüm əhəmiyyət daşıyır”.
Kitabın fars dilində də nəşrini yüksək dəyərləndirən “Dəniz” qəzeti yazır ki, bu kitab erməni millətçilərinin zaman-zaman Azərbaycan xalqına qarşı törətdikləri tarixi cinayətlərin öyrənilməsi baxımından farsdilli oxucular üçün əsaslı mənbədir.
Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran