Roma, 13 avqust, AZƏRTAC
İtaliyanın cənub regionu Kalabria bir neçə gündür ki, sel fəlakəti ilə üzləşib.
AZƏRTAC İtaliyanın ANSA Agentliyinə istinadla xəbər verir ki, sel nəticəsində itkin düşmüş insanların axtarışı və bu təbii fəlakətdən əziyyət çəkənlərə yardım göstərilməsi məqsədilə sivil müdafiə qüvvələri ilə yanaşı, Beynəlxalq Qırmızı Xaç Cəmiyyətinin əməkdaşları da səfərbər edilib. Son məlumata görə, bölgədən minə yaxın insan evakuasiya olunub. Xüsusilə regionun Rossano və Koriqano Kalabro qəsəbələri daha çox dağıntılara məruz qalıb.
Eyni vaxtda İtaliyanın digər bölgələrində də ekstremal hava şəraiti nəticəsində iki nəfər həyatını itirib. Bu bədbəxt hadisələrə münasibət bildirən ölkənin ətraf mühit naziri Can Luka Qalletti hökumət tərəfindən selin qarşısının alınması istiqamətində kifayət qədər tədbirlərin görülmədiyini bildirib.
Maqsud Dadaşov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma