Böyük savaş gedir: kim, necə və nə üçün sağ qalacaq?

Böyük savaş gedir: kim, necə və nə üçün sağ qalacaq?
09:37 27 Yanvar 2015
645 Digər
Ölkə mətbuatı
A- A+

Cəmi 10 il əvvəl sabit, dağıdılmaz, güсlü təsir bağışlayan dünya darmadağın olub. Kapital və geosiyasət qüvvələri liderlik arzusuna düşmüş ölkələrin diplomatiya maşınları ilə bahəm, silahlı qüvvələrini də hərəkətə gətirib.
 
Bu dünyada hər nəsnənin, o cümlədən də siyasi liderlin öz qiyməti var.
Bəs yaxşı, indi kim, necə və ən başlıcası, nəyin hesabına savaşda sağ qalmaq niyyətindədir?
Təcrübə göstərir ki, dünyada dəyişən yalnız zahiri görkəmlər, anturajdır. Tarixi proseslərin hərəkətverici qüvvəsi insan isə dəyişməz qalır. Beləliklə, məqsədə çatmaq üçün vasitələr də dəyişməzdir.


 
Məqsədləri yalnız real müstəqillik əldə edən, suverenliyi yalnız kağız üzərində olmayan dövlətlər və ya mövcud dünya düzənində yerini tutaraq dünyanın inkişaf etməkdə olan ölkələrini qarət edən dövlətlərə qatılmaq imkanları əldə edən məmləkətlər bəlirləyə bilərlər.
Qarət və quldurluq üçün "sənəd" verən, güclü dövlət qismində proseslərə nəzarət edən ölkə isə SSRİ-nin özünü məhv edəndən sonra yeganə supergücə çevrilmiş ABŞ-dır.
 
Dövlətin mahiyyəti və onun davranışının motivləri, sadəcə, siyasi elitaların qarşılarına qoyduqları məqsədlərlə bilinir. Ona görə də mövcudluqlarının az-çox məntiqi formasını ortaya qoya bilmiş dövlətlərə nəzər salmağa dəyər.


 
Məsələn, ABŞ-ın əsas məqsədi nəzarətdə saxladığı dövlətləri ərazi sayaraq onları ağlagəlməz dərəcədə qarət etməyə imkan verən hegemonluğu qoruyub saxlamaqdır. Böyük Britaniya əsrlər sonra Şimali Amerikanın metropoliyasından onun imtiyazlı müstəmləkəsinə çevrilsə də, dünyanın geosiyasi müstəvisində öz yerinə malikdir.
 
Fransa "Charlie Hebdo" jurnalının karikaturaçılarının "yaradıcılığı"nın nümayiş etdirdiyi aşkar mənəvi tənəzzülə rəğmən "üçüncü dünya" ölkələrinin təkrarən müstəmləkələrə çevrilməsinə can atır. Almaniya var gücü ilə Avropa Birliyinin daxilində özünə yeni müstəmləkələr qurur. Türkiyə neo-osmançılığa bürünmüş imperiya ideyasını bərpa etməyə can atır.


 
Radikal islamçılıq və vəhabiliyin beşiyi olan Səudiyyə Ərəbistanı odla oynamağa davam edir. "İraq və Şam İslam Dövləti" artıq özünü dövlət saymağa başlayıb.
Rusiya "avrasiya inteqrasiyası" adı ilə postsovet məkanını tam nəzarətə götürməyə çalışır. Çin dünya liderliyi uğrunda ABŞ ilə sakit savaş aparır.
 
Hindistan bütün diqqətini iqtisadiyyatına və müdafiəsinə yönəltdiyindən dünya miqyası bir yana - regional müstəvidə heç bir önəmli layihələrə malik deyil.
Latın Amerikası ölkələri Simon Bolivarın vəsiyyətlərini reallaşdırmaq istəyir, amma Birləşmiş Ştatların qəzəbinə gəlir.
 
Afrika başına çarə axtarır, Cənub-Şərqi Asiya ölkələri Çin və Yaponiyanın təsirindən qurtulmağa çalışır.
Ona görə də
 
Başlayaq ABŞ-la
 
Özünü yeni Qədim Romaya bənzətməyə çalışan ABŞ dünya liderliyini qorumaq, Rusiya və Çini cəzalandırmaq üçün bütün diqqətini geosiyasi müşküllərin həllinə yönəldib.
 
İmperialist, dəniz dövləti olan Birləşmiş Ştatlar sabiq metropoliyası Britaniyanın siyasi davranış modeli ilə keçmiş müstəmləkəçi ölkələrin taktikasını bütünlüklə təkrarlayır. Dünyanın müxtəlif məkanlarında müstəmləkələrin yaradılması, ticari anlaşmaları zorla qəbul etdirməklə iqtisadi savaşların aparılmaası, Əfqanıstan təki ölkələrin narkotiklərin becərilmə bazasına çevrilərək "ağ ölüm" alverini qeyri-rəsmi şəkildə dəstəkləməklə zəif ölkələri bihal etmək, "demokratiyanın yayılması" adı ilə dövlət çevrilişlərinin təşkili, "xəyanətkar" rejimləri cəzalandırmaq üçün müxtəlif rəngli "inqilab" ssenarilərinin həyata keçirilməsi, blokada məqsədi ilə ticari-iqtisadi sanksiyalara əl atılması, fərqli məkanlarda bazalar və hərbi mövcudluq bloklarının qurulması - amerikalılar sürəkli çalışırlar.


 
Hegemonluğun qorunması və daha da gücləndirilməsi təki qlobal məqsədlə yanaşı, Avropa Birliyinə "Transatlantik azad ticarət zonası" anlaşmasının sırınması, Rusiyanın geosiyasi məhvi və Çinin zəiflədilməsi də var.
 
Di gəl, amerikalılar gücə düşüblər, qüvvələrini dürüst hesablamadıqlarından eyni vaxtda müxtəlif cəbhələrdə savaşların aparılmasının yanlış olduğunu anlayıblar. Vaşinqton üçün yeganə çıxış yolu dövlətlərə nəzarət etmək üçün geosiyasi xaosun yaradılması, rəqiblərin maksimum zəiflədilməsidir.
 
Dumanlı Albionun dumanlı gələcəyi
 
Böyük Britaniya dünya ölkələrinin qarət edilməsi ilə bağlı imkanlarının çox böyük qismini itirsə də, müstəmləkə sisteminin bir hissəsini qorudu və üstəlik, ABŞ-ın timsalında qüdrətli hami qazandı.
 
Yeni qlobal bölüşdürülmə proseslərinə gücü ilə qoşula bilməyən London maliyyə təsir rıçaqlarını qoruyub. Həmin rıçaqlar ofşor zonalarına nəzarət, bir də London birjasıdır. Üstəlik, dünyanın istənilən ölkəsindən olan məmurların korrupsiya və quldurluqla topladıqları pulları asanlıqla qəbul edən London kapitallar üçün "sakit liman"dır.


 
Yaşadıqları ölkələrdə məhkəmədən və istintaqdan qaçan oliqarxlar da Londona üz tuturlar.
 
Britaniyalılar Afrikadakı müstəmləkələrini tərk etməyiblər, yox: onlar sadəcə, həmin ölkələrin istismar formatını və üsullarını dəyişiblər. İngilis kapitalı Qambiya, Nigeriya, Zambiya kimi ölkələrdə çox güclü mövqelərə malikdir. Keniyada isə ümumiyyətlə, sənaye istehsalının 60 faizi Britaniya şirkətlərinin əlindədir.
Britaniya tədricən Fars Körkəzi ölkələrinə, habelə Süveyş kanalından cənuba, 1971-ci ildə tərk etdiyi bölgələrə qayıdır.
 
London ötənlərin məşhur qulduru Frensis Dreyk və digər kaperlərin təcrübəsini unutmayıb. Onu da deyirlər ki, Aden körfəzindəki somalili dəniz quldurlarına London Sitisindən rəhbərlik edirlər.
 
Bütün bunlara rəğmən Dumanlı Albionun gələcəyi dumanlıdır və səbəb də ABŞ-dan tam asılılıqdır. Dünya metropoliyası statusunun qorunması uğrunda apardığı savaşda ABŞ uduzarsa, Britaniya geosiyasi əyalətə çevriləsidir.
 
Beşinci və əslində, neçənci Respublika
 
Rəsmi Paris, deyəsən, Afrika ilə yanaşı, Yaxın Şərq ölkələrinin yenidən müstəmləkələrə çevrilməsi istiqamətində ahəstə siyasət yürüdür. Kot-d`İvuarda yerini möhkəmlədəndən, Malidə kök atandan və Mərkəzi Afrika Respublkiasında mövqelərini səbatlı edəndən sonra fransız kapitalı Mavritaniya, Niger, Çad, Konqo, Kamerun, Qabon və Cibutiyə şığıyıb.
 
Bu ölkələrdən hər birində fransızların öz maraqları var. Niger uran yataqlarının həcminə görə Afrikada liderdir. Mərkəzi Afrika Respublikasının ixracının yarısı cilalanmamış almazların payına düşür. Qabon uran yataqları ilə zəngindir, Kot-d`İvuar kakao istehsalı üzrə liderdir, Malidə zəngin qızıl və uran ehtiyatları var. Fransa energetikasının 70 faizi atom-elektrik stansiyalarının payına düşdüyündən uran olmasa, bu stansiyalar mənasını itirir.
Liviyada Müəmmar Qəzzafinin devrilərək məhv olunmasında iştirak da fransızlara xam neft və ümumiyyətlə, bu ölkədəki neft hasilatı üzərində nəzarətdə pay kimi gəlirlər verdi.


 
Maraqlıdır ki, Afrikada fransızlar ABŞ, Çin və Britaniya ilə yanaşı, Rusiya və Çinin dəstəyi ilə mövqelərini möhkəmləndirməyə çalışan Cənubi Afrika Respublikası ilə sərt rəqabət aparmaq məcburiyyətində qalıblar.
 
Suriyada islamçılara verilən ciddi dəstək Fransanın kor-koranə şəkildə ABŞ-ı dəstəkləməsi yox, həm də Yaxın Şərqə fransızların qayıdışına zəmin hazırlamaqdır.
Parisdə "Charlie Hebdo"nun redaksiyasının gülləbaran edilməsindən bir gün əvvəl Fransa yeganə aviadaşıyıcı gəmisini Fars Körfəzinə İŞİD-ə qarşı koalisiyanın tərkibində vuruşmaq üçün yollayıb.
 
Fransa bu minvalla gələcəyinə sərmayə qoyur.
Ölkənin təbii ehtiyatları çox kasad olduğundan Paris gələcəyini müstəmləkələr olmadan görmür.
 
Yeni reyxin yaşam məkanı
 
Almaniya indi Avropanın yarısını maliyyə və sənaye kapitalı üçün daxili müstəmləkəyə çevirib.
 
Almanların taktikası Cənubi və Şərqi Avropa ölkələrinin istismarı, Ukrayna və Moldovanın nəzarət altına alınması, Macarıstan və Çexiya kimi ölkələrdə "inadkar" rejimlərin devrilməsi, habelə Rusiyanın postsovet məkanındakı təsir imkanlarının minimuma endirilməsidir.
 
Almaniya iqtisadiyyatının inkişafı həm də Berlindən asılı vəziyyətə düşmüş ölkələrə "güzəştli" kreditlər verilməsi ilə təmin olunur. Kredit ayrılmış ölkələr həmin pullara əsasən Almaniyada istehsal olunan sənaye məhsullarını alırlar və bu minvalla Berlin tam nəzarətə nail olur.


 
Yunanıstana baxmaq yetər. Bu ölkə indi bavar Ottonlarının taxtda oturduğu əvvəlki Yunanıstan krallığını xatırladır. Yunanlar dəyərli hər şeylərini alman kapitalına verəndən sonra Egey və Aralıq dənizlərindəki adaları satışa çıxarmaq məcburiyyətində qalıblar.
 
Almaniya yeni reyx yaradır və bunun üçün də qarşısındakı ən ağır problemlərin həllində ABŞ-ın dəstəyindən yararlanır.
 
Osmanlı Ərdoğan
 
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın ilk baxışdan inadkar və sərt xarici siyasətinin çox bəsit açması var. Rəhbərlik etdiyi ölkənin ABŞ-dan asılılıq səviyyəsini azaltmağa çalışan Ərdoğan daha müstəqil olmağa çalışır.
 
Bu səbəbdən də ABŞ qıcıqlanıb və Taksim meydanındakı sporadik etiraz aksiyalarının da arxasında Vaşinqtonun durmadığına inananlar gerçəkdən də, sadəlövh insanlardır.


 
Türkiyənin mövcud siyasi elitarı uğur düsturunu qonşu ölkələrə təsir imkanlarının gücləndirilməsinə görür. Formal olaraq NATO sıralarında qalan Türkiyə amerikalılar üçün başağrısına çevrilib. Ən azı, ona görə ki, Avropa Birliyi ölkələrindən fərqli olaraq Türkiyə güclü və çoxsaylı silahlı qüvvələrə malikdir.
 
Çjen He bir qəhrəman təki
 
Yaxın onilliklərdə Çinin başlıca məqsədi ABŞ-ı zəiflətmək, dünya lideri statusunu amerikalıların əlindən almaqdır. Çinlilər sabiq SSRİ-nin səhvlərini təkrarlamaq istəmirlər.
 
"Səmaaltı imperiya" konfusianlığa qayıdır, korrupsionerlərlə effektiv mübarizə aparır, mənfəətlərini unutmamaq şərtilə müttəfiqlərini dəstəkləyir.
Gərçi SSRİ-ni çökdürən amillərdən biri də pullar və yardımlara görə özlərini sosialist rejimli ölkələr elan etmiş yoxsul dövlətləri dəstəkləməkdisə, Çin yalnız sərfəli layihələri dəstəkləyir.


 
Çinin sərmayə anlaşmalarının əsas şərti alınan pulların təbii ehtiyatlarla qaytarılması, Çin materialları və texnologiyalarından istifadə, çinli fəhlələrin işləməsinə və ən başlıcası, layihəyə çinlilərin nəzarətinə şərait yaradılmasıdır.
Amerikalılar yalnız dollar və xaos istehsal edənədək belə davranırdılar.
 
Pekin bu minvalla ikiqat gəlir əldə edir. Çinin ayırdığı kreditlər Çin şirkətlərinin dəstəklənməsinə yönəlir, ölkələr isə Çinin infrastruktur layihələrini maliyyələşdirirlər.
Çin sürətlə irəliləyir. "Səmaaltı imperiya" Mərkəzi və Cənubi Amerika ölkələrinə 250 milyard dollar həcmində sərmayə yatırmaq niyyətindədir. 2020-ci ilədək bu ölkələrlə ticari dövriyyəni 550 milyard dollara çatdırmaq nəzərdə tutulub.
 
Çin 20 milyard dollar yatıracağı Venesuela kimi ölkələri xilas etməklə yanaşı, maraqlandığı bütün aktivləri satın almaq və sənaye kapitalının genişlənməsi üçün şərait yaratmaqla dollar ehtiyatlarından qurtulur.
 
Çinlilərin uğurları danılmazdır. Məsələn, bir neçə il əvvəl tanınmayan "Huawei" və "Xiaomi" şirkətləri mobil qacetlər bazarında Cənubi Koreyanın "Samsung" korporasiyasının sarsılmaz hesab edilən mövqelərini əməllicə laxladıblar.

Pekin tarixindəki səhvləri də unutmayıb. Əfsanəvi çinli admiral Çjen He milli qəhrəmana çevrilib. Ölkənin tərsanələrində çox güclü, böyük ticari və hərbi-dəniz donanması yaradılır.
 
Dünyanın ən böyük elmi və mühəndislik mərkəzinə çevrilən Çinin ABŞ ilə mübarizədə şansları sürətlə artır.
Qlobal oyun meydanında şərtlər sürətlə dəyişir.
 
Yaşananları nəzərə almalı, böyük dövlətlərin maraqlarından bəhrələnməyə çalışmalıyıq.
 
Elçin Alıoğlu
Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR