"Norm Sement" ilk uğurlarına imza atıb - MÜSAHİBƏ

"Norm Sement" ilk uğurlarına imza atıb - MÜSAHİBƏ
11:02 27 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

[ 27 Yanvar 2015 11:00 ]


Bakı. Musa Əhmədov - APA-Economics. “NORM” MMC-nin Baş icraçı direktoru Hasan Yalçınkayanın “APA-Economics”ə müsahibəsi.

 

- İlk növbədə 2014-cü ilin yekunlarına toxunmaq istəyirəm. “Norm Sement” zavodu 2014-cü il ilə bağlı hədəflərinə nail olubmu?

 

- Ötən il bizim üçün uğurlu olub. 2014-cü ilin may ayında klinkerin istehsalına başladıq. 2014-cü ilin iyulun 21-də Prezident İlham Əliyev zavodun açılışında iştirak etməklə bizi şərəfləndirdi. Dövlət başçısı bizə xeyir-dua verdi və zavodun açılışını etdik. O gündən sonra zavodumuzun bazar payı 20%-ə çatdı. 2014-cü ildə 520 min ton sement istehsal etmişik. İndi zavodumuz yüksək göstəricilərlə işini davam etdirir. Bu səbəbdən 2014-cü ilin bizim üçün çox uğurlu keçdiyini deyə bilərəm.

 

- Bu il üçün hədəfləriniz və planlarınız nədən ibarətdir?  

 

- Bu il üçün hədəfimiz bazar payımızı daha da artırmaqdır. Azərbaycanın sement istifadə edən tikinti şirkətlərinə həm yüksək keyfiyyətli, həm də yüksək xidmət təqdim etmək, bazarda yerimizi sağlamlaşdırmaq niyyətindəyik. Neftin qiymətinin aşağı düşməsinə baxmayaraq 2015-ci ildə ən azı 2014-cü ilin səviyyəsinin saxlanacağını düşünürük. 2015-ci ilin də bizim üçün  uğurlu olacağına əminik. 2015-ci ildə biz sement bazarının 30-35%-ə yiyələnmək istəyirik.

 

-  İndi zavodunuz neçə çeşiddə məhsul istehsal edir?

        

- Hazırda zavodda dörd çeşiddə sement istehsal edilir. Bu il üçün ən böyük sərmayələrimizdən biri yeni sement silosunun inşasıdır. İlin sonunadək sement çeşidini 6-ya çatdırmaq niyyətindəyik.

 

-  Zavodun tələbatı üçün kifayət qədər xammal ehtiyatı varmı?

 

- Zavoda məxsus olan xammal yataqlarının ehtiyatı onun ən azı 50 illik fəaliyyətini təmin edir. Sement istehsalı üçün ən önəmli xammal gil və əhəngdaşıdır. Biz sement istehsalında 75% əhəngdaşından, 22-23% gildən istifadə edirik. Bunların hamısı zavodun ətrafındakı yataqlarımızdan təchiz edilir. İstehsal artsa belə, xammalla bağlı problem olmayacaq.  

 

- Gələcəkdə zavodun istehsal gücünün artırılması ilə bağlı planlarınız varmı?

    

- Azərbaycanda bu sahə üzrə istehsal gücləri 5,2 mln. ton təşkil edir. Bu həcm Azərbaycanın sementə olan tələbatını hazırkı durumda tam həcmdə ödəməyə qadir olmaqla yanaşı ixrac imkanları yaradır. Gələcəkdə zavodun istehsal gücünün artırılması ilə bağlı planlarımız var. Əlavə istehsal xəttinin inşası üçün zəruri baza mövcuddur. İndi zavodda istehsal layihə gücünə çatdırılmışdır. Gündə 5 min ton klinker istehsal edirik. Düşünürük ki, Azərbaycan bazarı daha da genişlənəcək. Məhz bu səbəbdən yeni soba xətti layihəsi üzərində işləyirik. Bazarın genişlənəcəyi təqdirdə, bu layihəni reallaşdırmağı planlaşdırırıq.

 

 - Gələcəkdə qonşu ölkələrə sementin ixracı planlaşdırılırmı?

 

- Sementin Rusiya, Qazaxıstan və Türkmənistana ixracı üzrə imkanları araşdırırıq. Hazırda əsas etibarilə quyu-tamponaj sementinin ixracına nail olmaq niyyətindəyik. Bu sement həm Azərbaycanın strateji ehtiyacı olan sementdir, həm də Xəzəryanı ölkələrin neft hasilatçıları tərəfindən istifadə olunur. Bu sement yüksək keyfiyyət və həssaslıq tələb edən məhsuldur. İndiyədək bu sement ölkəyə tam həcmdə xaricdən gətirilir. Biz Azərbaycanın quru-tamponaj sementinə tələbatını tam həcmdə ödəyə bilərik. İlin sonuna doğru quyu-tamponaj sementinin istehsalına və ixracına başlamağı planlaşdırırıq.    

 

- Zavodunuzun rəqabət qabiliyyətini artırmaq üçün hansı işlər görülür?        

 

- İlk öncə müəssisəmizdə sementin keyfiyyətinə yüksək önəm verilir. Zavodda müasir standartların tələblərinə cavab verən sement və beton laboratoriyaları yaradılmışdır. Məhsullarımız həmçinin Almaniyanın VDZ Elmi-Tədqiqat İnstitutunun Düsseldorfdakı laboratoriyalarında sınaqdan keçirilir və Avropa standartlarına uyğunluq sertifikatları verilir. Bundan əlavə mütəxəssislərimiz tərəfindən müştərilərə sement və betonun istifadəsi və tətbiqinin bütün aspektləri üzrə geniş və hərtərəfli peşəkar məsləhət xidməti göstərilir.

 

- İndi zavodda neçə nəfər çalışır və gələcəkdə işçilərin sayında artım gözlənilirmi?

       

- Hazırda müəssisədə 310 nəfər çalışır. Köməkçi sahələrdə əlavə olaraq 150 nəfər işçi subpodratçı şirkətlərdən müəssisənin fəaliyyətinə cəlb olunmuşdur. 

 

- Zavodun beynəlxalq əməkdaşlıqla bağlı hansı planları var?      

 

- Hazırda Almaniya Sement İstehsalçıları Birliyi olan VDZ ilə əməkdaşlıq edirik. Onların təqdim etdiyi təlim xidmətlərindən faydalanırıq. Eyni zamanda, Avropa Sement Tədqiqatları Akademiyasının (ECRA) təlim xidmətlərindən faydalanırıq. İşçi heyətinin peşə bacarıqlarının artırılması üçün xarici mütəxəssislər dəvət edilir, o cümlədən əməkdaşlarımız xaricdə keçirilən təlim-treninqlərdə iştirak edirlər. 2015-ci il ərzində Azərbaycan Sement İstehsalçıları Təşkilatının yaradılmasını planlaşdırırıq. Bu təşkilat vasitəsilə Avropa Sement İstehsalçıları Birliyinə üzv olaraq beynəlxalq əlaqələrimizi genişləndirəcəyik. Bu bizə dünyada baş verən texnoloji yeniliklərdən dərhal xəbər tutmaq, həmçinin Azərbaycanı mötəbər beynəlxalq qurumlarda təmsil etmək imkanı verəcək.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/370484

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR