Bakı, 19 avqust, AZƏRTAC
“Bədxassəli şişlərdə şüa müalicəsinin Avropa və ABŞ standartlarına uyğun müasir metodlarla aparılması” mövzusunda Azərbaycan Milli Onkologiya Mərkəzinin (MOM) mütəxəssisləri tərəfindən Qazaxıstan onkoloqları üçün treyninq kursları keçirilir.
Bu barədə AZƏRTAC-a MOM-un şüa müalicəsi şöbəsinin rəhbəri, professor İsa İsayev məlumat verib.
O bildirib ki, MOM-un baş direktoru, akademik Cəmil Əliyevin səyi nəticəsində klinika artıq dünya miqyasında tanınıb və nüfuzlu onkoloji mərkəzə çevrilib. Məhz bu səbəbdən kadrların hazırlanması işində mərkəzin əməkdaşlarına böyük etimad göstərilir. Qazaxıstan onkoloqlarının MOM-da kurs keçmələri bunu təsdiq edir.
Onun sözlərinə görə, Qazaxıstanın Semey və Aktobe şəhərlərinin onkoloji klinikalarının radioterapevtləri, tibbi fizik və texnikləri üçün avqustun 17-dən keçirilən treyninqlər oktyabrın 9-dək davam edəcək. Kurslarda 8 həkim-radioterapevt, 8 tibbi fizik və digər mütəxəssislər iştirak edir.
Professor əlavə edib ki, ABŞ-ın məşhur “Varian Medical Systems” şirkəti MOM-un ən müasir texniki avadanlıqlar və kadrlarla təmin olunduğunu, mərkəzdə onkoloji xəstələrə tibbi yardımın ən müasir standartlar səviyyəsində göstərildiyini əsas götürərək qazaxıstanlı tibb işçilərinə bu kursların məhz Bakıda, MOM-un şüa müalicəsi şöbəsində aparılmasını məsləhət görüb.
