Bakı, 19 avqust, AZƏRTAC
Beynəlxalq Əmək Təşkilatının eksperti Con Bliek Bakıya səfəri çərçivəsində Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasında olub.
Konfederasiyadan AZƏRTAC-a bildirilib ki, ASK-nın baş katibi vəzifəsini müvəqqəti icra edən Mehman Mehmanovla keçirilən görüşdə Beynəlxalq Əmək Təşkilatı ilə Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası arasında gələcək əməkdaşlıq məsələləri müzakirə edilib.
Beynəlxalq Əmək Təşkilatının eksperti Con Bliek təmsil etdiyi təşkilatın Moskva ofisində 9 aydır fəaliyyət göstərdiyini deyib. Bildirib ki, bundan sonra öz təcrübəsini üzv təşkilatlarla bölüşərək, bazar araşdırması aparmaqla təlim və tədbirlərin mövzusunu müəyyənləşdirmək niyyətindədir. Ölkəmizə səfərinin məqsədi haqqında məlumat verən qonaq qeyd edib ki, transmilli şirkətlərin fəaliyyəti, onların hökumət və yerli şirkətlərlə əməkdaşlığını müzakirə etməklə gələcəkdə bu sahəyə öz töhfəsini verməyə çalışacaq.
Azərbaycan Sahibkarlar Konfederasiyasının fəaliyyət istiqamətləri haqqında ətraflı məlumat verən ASK-nın baş katibi vəzifəsini müvəqqəti icra edən M.Mehmanov bildirib ki, ölkəmizdə transmilli şirkətlər öz işlərini istənilən standartlara uyğun quraraq fəaliyyət göstərirlər. Onların sayı kifayət qədər olsa da, lakin transmilli şirkətlərlə yerli şirkətlər arasında əlaqələr hələ də arzu olunan səviyyədə deyil. Transmilli şirkətlərlə yerli şirkətlər arasında əlaqələrin güclənməsinə ehtiyac olduğunu deyən M.Mehmanov bu sahədə Beynəlxalq Əmək Təşkilatının təcrübəsindən yararlanmaq niyyətində olduqlarını da bildirib.
Beynəlxalq Əmək Təşkilatının əməkdaşlıqdan məmnunluq ifadə olunan görüşdə daha faydalı əməkdaşlıq üçün məsləhətlər verilib.
Con Bliek Azərbaycanın iqtisadi inkişafından məmnunluğunu bildirib, Beynəlxalq Əmək Təşkilatının Azərbaycanla, xüsusilə də Azərbaycan Sahibkarlar Konfederasiyası ilə əməkdaşlığa önəm verdiyini, qarşılıqlı əməkdaşlığın bundan sonra da genişlənəcəyinə əminliyini ifadə edib.