Bakı, 24 avqust, AZƏRTAC
Avropa Aralıq dənizi Musiqi Akademiyası Bakıda xeyriyyə konserti verəcək və ustad dərsləri keçəcək.
AZƏRTAC xəbər verir ki, bu barədə Vasili Safonov adına Rusiya Şimali Qafqaz Dövlət Akademik Filarmoniyasının baş dirijoru Əyyub Quliyev məlumat verib.
Tədbir dahi bəstəkar Üzeyir Hacıbəylinin 130 illik yubileyi münasibətilə sentyabrın 18-dən 28-dək Bakıda keçiriləcək beynəlxalq musiqi festivalı çərçivəsində təşkil olunacaq. Konsert sentyabrın 22-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında olacaq. Konsertdə Ə.Quliyevin rəhbərliyi ilə simfonik əsərlər ifa ediləcək.
Avropa Aralıq dənizi Musiqi Akademiyası təmsilçilərinin səfəri Heydər Əliyev Fondunun və Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə gerçəkləşəcək.
Əyyub Quliyev bildirib ki, İtaliya, İspaniya və Suriyadan üç musiqiçi Bakıya gələcək. O deyib: "Onlar həmin akademiyanın üzvləridir. Hər üç solist Azərbaycan Dövlət Filarmoniyasının səhnəsində Üzeyir Hacıbəylinin və Azərbaycanın digər bəstəkarlarının klassik musiqi əsərlərini səsləndirəcəklər".
Qeyd edək ki, Avropa Aralıq dənizi Musiqi Akademiyası münaqişə zonalarında, müharibə gedən regionlarda yaşayan istedadlı musiqiçilərə təmənnasız olaraq ustad dərsləri keçir və onların musiqi fəaliyyətlərinə yaxından kömək edir.