Milan, 24 avqust, AZƏRTAC
Avqustun 25-də “Milan Expo 2015” beynəlxalq sərgisi çərçivəsində Azərbaycan İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) və İtaliya–Azərbaycan Ticarət İnstitutunun (İTAZERCOM) birgə təşkilatçılığı ilə “Azərbaycana investisiya yatırımları: biznes mühiti və imkanlar” mövzusunda tədbir keçiriləcək.
Tədbirdə informasiya və kommunikasiya texnologiyaları, aqrokimya, mexanika, ətraf mühit, sənaye, tikinti və digər sahələrdə Azərbaycanın investisiya imkanları müzakirə olunacaq. Qafqaz ölkəsinin biznes imkanlarının bu formatda təqdim olunduğu tədbir İtaliyada ilk dəfə keçiriləcək. Tədbirdə AZPROMO-nun, Azərbaycan İnvestisiya Şirkətinin, Sumqayıt Kimya Sənaye Parkının, “Təmiz Şəhər” Açıq Səhmdar Cəmiyyətinin və digər müxtəlif özəl şirkətlərin nümayəndələrinin iştirakı nəzərdə tutulub.
Maqsud Dadaşov
AZƏRTAC-ın xüsusi müxbiri
Milan