Bakı, 24 avqust, AZƏRTAC
Baş ofisi İordaniyanın Amman şəhərində yerləşən “Sülhün carçıları” təşkilatının proqram rəhbəri Lama Hattab və proqramlar üzrə mütəxəssis Dinesha Suppiah Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) qonağı olublar.
Fonddan AZƏRTAC-a bildiriblər ki, görüşdə bir sıra sülhyönümlü fəaliyyətlərin Azərbaycanda təşviqi mövzusu müzakirə olunub, gələcəkdə könüllülük proqramları və gənclər üçün liderlik fəaliyyətləri təşkil etməklə cəmiyyətdə tolerantlığı və fəal iştirakçılılığın təmin edilməsinə dair fikir mübadiləsi aparılıb. İki təşkilat arasında yerli və beynəlxalq səviyyədə sülhün təmin olunması məqsədilə gələcək əməkdaşlıqdan söhbət açılıb.
Dağlıq Qarabağ problemindən bəhs edən BAMF-ın sədri Umud Mirzəyev münaqişələrə obyektiv yanaşılmada düzgün informasiyanın əsas rol oynadığını vurğulayıb. Gələcək fəaliyyətlərin həyata keçirilməsində bu amilin diqqətdə saxlanılacağı, sülhyönümlü fəaliyyətləri qaçqın və məcburi köçkün insanlar arasında həyata keçirərək onların cəmiyyətdə fəal iştiraklarına yardım etmək barədə razılığa gəliblər.
Görüşdə Umud Mirzəyev qonaqları BAMF haqqında məlumatlandırıb və təşkilatın fəaliyyətini əks etdirən videomaterial izlənilib.
Sonda qonaqlar görüşün onlarda Azərbaycanda icra edəcəkləri proqramlara dair yeni innovativ ideyalar formalaşdırdığını, BAMF-ın fəaliyyətini yüksək qiymətləndirdiklərini və ən əsası da təşkilatın təcrübəsindən yararlanacaqlarını vurğulayıblar.


Beynəlxalq Avrasiya Mətbuat Fondu yeni əməkdaşlıq təklifi alıb