Füzuli, 28 avqust, AZƏRTAC
Bu il respublikanın ali məktəblərinə keçirilən qəbul imtahanlarında yüksək nəticə göstərən gənclərlə Horadiz şəhərindəki Heydər Əliyev Mərkəzində görüş keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə mərkəzin qarşısında ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül-çiçək dəstələri qoyublar.
Tədbirdə ölkəmizdə təhsilin inkişafına göstərilən dövlət qayğısından, bu sahədə həyata keçirilən layihələrdən, əldə olunan uğurlardan bəhs edilib. Tələbə adını qazanan gəncləri təbrik edən natiqlər, onlara şəxsi həyatlarında və təhsildə uğurlar diləyib, yüksək bilikli mütəxəssis kimi yetişmək üçün yaxşı oxumağı və Vətənə, xalqa ləyaqətlə xidmət göstərməyi tövsiyə ediblər.
Məlumat verilib ki, bu il rayonun orta ümumtəhsil məktəblərini bitirən məzunlardan 326 nəfəri ali, 92 nəfəri isə orta ixtisas məktəblərinə qəbul olub. Gənclərdən 35 nəfəri 500-600 arası, 12 nəfəri isə 600-dən çox bal toplayıb.
Görüşdə çıxış edən gənclər tədbirin təşkilinə görə minnətdarlıqlarını bildirib, göstərilən diqqət və qayğıya mükəmməl təhsilləri və yüksək vətəndaşlıq mövqeyi ilə cavab verəcəklərini, bilik və elmlərə əzmlə yiyələnərək ölkəmiz üçün savadlı mütəxəssis kimi yetişəcəklərini bildiriblər.
Tədbirin sonunda qəbul imtahanlarında yüksək nəticə göstərərək tələbə adını qazanan gənclərə hədiyyələr verilib.
Qəbul imtahanlarında yüksək nəticə göstərən füzulili gənclər mükafatlandırılıblar