Bakı, 7 sentyabr, AZƏRTAC
Sentyabrın 7-də Azərbaycan Texniki Universitetində (AzTU) “DaF təlimi və texniki ixtisas dili” mövzusunda ixtisas kursu fəaliyyətə başlayıb
AzTU-da alman dili müəllimləri və texniki ixtisaslar üzrə dərs deyən və alman dilini bilən mütəxəssislər üçün təşkil olunmuş bu kursda Azərbaycan Texniki Universiteti ilə yanaşı, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin, Sumqayıt və Gəncə universitetlərinin, habelə Qərb Universitetinin mütəxəssisləri iştirak edirlər.
Universitetin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, ilk məşğələni AzTU-nun rektoru, professor Havar Məmmədov açaraq qloballaşma dövründə texniki fənlərin tədrisi ilə məşğul olan müəllimlərin alman dilinə mükəmməl yiyələnməsinin əhəmiyyətindən və bu məqsədlə Alman Akademik Mübadilə Xidmətinin (DAAD) həmin istiqamətdə fəaliyyətindən danışıb, qurumun nümayəndələrinə təşəkkürünü bildirib.
Kursun rəhbəri Maria Ştaynmetz müdavimləri məşğələlərin proqramı ilə tanış edərək bildirib ki, sentyabrın 11-dək davam edəcək kurslarda linqvistik tədqiqatların nəticələri, didaktik prinsipləri, texnikanın və dilin faydalı kvalifikasiyası üçün interfeyslər, aktual ixtisas mətnlərinin analizləri nəzərdən keçiriləcək.
Texniki dil sahəsi üzrə mütəxəssis olan M.Ştaynmetz “Mühəndislər üçün alman dili” kitabının həmmüəllifidir və kurs müddətində dinləyiciləri alman texniki dilinin xüsusiyyətləri və incəlikləri ilə tanış edəcək.