İsmayıllı, 10 sentyabr, AZƏRTAC
İsmayıllıda “Sahibkarlığın inkişafının prioritet istiqamətləri, ona iqtisadi və mənəvi dəstək göstərilməsi yolları” mövzusunda konfrans keçirilib. Tədbirin əsas yekunlarından biri bu məqsədlə ictimai nəzarət qrupunun yaradılması olub.
AZƏRTAC xəbər verir ki, rayon icra hakimiyyətinin təşəbbüsü ilə “Gənclər Mərkəzi”ndə keçirilən konfransda yerli iş adamları, sahibkarlar və əlaqədar qurumların rəhbərləri iştirak ediblər.
Konfransı giriş sözü ilə açan icra hakimiyyətinin başçısı, iqtisad elmləri doktoru Mirdaməd Sadıqov sahibkarlığın və fermer təsərrüfatlarının inkişafı üçün yaradılan münbit şəraitdən, onların fəaliyyətinə əsassız müdaxilələrin qarşısının alınmasından, rayona investisiya qoyuluşunun, özəl sektora dövlət dəstəyinin artmasından danışıb.
Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Aqrar Elm Mərkəzinin direktoru, professor Rəsul Balayev, İqtisadiyyat və Sənaye Nazirliyinin şöbə müdiri Elçin İbrahimov, Vergilər Nazirliyinin idarə rəisi Nicat İmanov, Sahibkarlığa Kömək Milli Fondunun baş məsləhətçisi Anar Məmmədov çıxış edərək ölkəmizdə sahibkarlara göstərilən dövlət dəstəyindən, özəl sektorun inkişafının prioritet istiqamətlərindən danışıb, bu sahələrdə mövcud olan qanunları şərh ediblər.
Konfransda yerli sahibkarlar Rüstəm Əhmədov, Cümşüd Hacıyev, “Azza-Aqro” MMC-nin icraçı direktoru Nəriman Hüseynov, “Sandal” ayaqqabı firmasının sahibi Rüstəm Əhmədov çıxış ediblər. R.Əhmədovun sahibkarlıq fəaliyyətinə başlaması və qazandığı uğurlarla əlaqədar məlumatları iştirakçılar tərəfindən maraqla qarşılanıb.
Sahibkarlara, iş adamlarına, iqtisadi idarəetmə qurumlarına konfrans iştirakçıları adından müraciət qəbul olunub.
Konfransda sahibkarlığın, fermer təsərrüfatlarının təşkili, inkişafı və idarə edilməsinə yardımçı olmaq məqsədilə tədbirlər planı və ictimai nəzarət qrupunun tərkibi təsdiqlənib.
Sonda konfrans iştirakçıları adından Prezidenti İlham Əliyevə müraciət qəbul edilib.
İsmayıllıda sahibkarlara dəstək məqsədilə ictimai nəzarət qrupu yaradılıb