Bakı, 10 sentyabr, AZƏRTAC
Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin baş ofisində növbəti layihənin seçim mərhələsi keçirilib.
YAP Gənclər Birliyindən AZƏRTAC-a verilən məlumata görə, “Siyasi debat” adlı layihə üçün online qeydiyyatdan keçən 360 nəfərdən 80-i müsahibəyə keçmək imkanı qazanıb.
Layihənin məqsədi siyasətə marağı olan gənclərin savadlılığının artırılması, onların siyasi bacarıqlarının daha da təkmilləşdirilməsidir.
İkinci mərhələyə keçmək imkanı isə YAP GB-nin baş ofisinin əməkdaşları tərəfindən yaradılıb, müsahibə mərhələsinə 36 gənc vəsiqə qazanıb.
Sentyabrın 21-dən start veriləcək bu layihə formatına və seçiminə görə digərlərindən fərqlənir. Gənclər layihə müddətində dövlət rəsmiləri ilə, deputatlarla, politoloqlarla, siyasi ekspertlərlə görüşərək siyasətin incəliklərini onlardan öyrənəcəklər. Layihənin sonuna qalan beş gənc radioda canlı efirdə çıxış edərək fikirlərini bölüşəcəklər. Eyni zamanda, YAP Gənclər Birliyinin əməkdaşlıq etdiyi bir neçə xarici dövlətin hakim partiyalarının gənclər qollarının nümayəndələri ilə də online debatların təşkili nəzərdə tutulub.
Debatları uğurla bitirən gənclər xüsusi diplomlarla və sertifikatlarla təltif olunacaqlar. Eyni zamanda, onlar xarici ölkələrdə keçirilən beynəlxalq görüşlərdə Azərbaycanı təmsil edəcəklər.
YAP Gənclər Birliyinin yeni layihəsinin seçim mərhələsi keçirilib