Həyatda heç nə təsadüfi deyil və heç nə təsadüfən baş vermir. Hər xoş hadisəni arzuladığımız, ürəkdən istədiyimiz üçün yaşayırıq. Elə Kapodokya və Ürgüpü gəzmək arzumun reallaşması kimi. Arzularıma gedən bitməz-tükənməz yolçuluq məzuniyyətimin ilk günündən başladı. Uzun sözün qısası, məşhur “Gesi bağları” mahnısının mənə sevdirdiyi Ürgüp rayonu tam da xəyallarımdakı kimi idi.
Rayon Pəribacaları, vadilərlə yanaşı həm də Asmalı Konakla məşhurdur. Ürgüpə gələn bütün turistlər şöhrəti dünyaya yayılan Asmalı Konağı görmədən öz məmləkətlərinə geri dönmürlər.
Yanılmırsınız, adını elə çəkildiyi məkandan götürən “Asmalı Konak” serialı məhz burada ərsəyə gəlib. Baş rollarda Özcan Dənizlə Nurgül Yeşilçayın çəkildiyi bu türk serialı 2002-2003-cü illərdə uşaqdan-böyüyə çoxlarını türklər demiş ekran qarşısına kilidləyib. Bölümlərini həyəcanla gözlədiyiniz bu serialın çəkildiyi məkan təkcə Bahar və Seymənin, Dilara, Zeynəb, Seyhan, Diclə və digərlərinin hekayələrinə şahidlik etməyib. Danışmağa dili olsaydı, bu daş divarlar çox hekayələr söyləyə bilərdi.
Asmalı Konak yunanlara aid qədim bir ev olub və 1887-ci ildə inşa edilib. Evin ilk sahibi İstanbulda balıqçılıqla məşğul olan Yorqos Vasilyo olub. Vasilyo ailəsi ilə birgə bu evdə ancaq yayda. 1923-cü ildə Türkiyə-Yunanıstan arasında əhali mübadiləsi zamanı Yunanıstana göndərilən Yarqos Vasilyo evi şəxsiyyəti hələ də məlum olmayan bir türkə bağışlayır.
Asmalı Konağın sonrakı sahibi əslən kütahyalı Fuad Öztürk adlı bir müəllim olur. 1930-cu ildə müəllim işləmək üçün Ürgüpə göndərilən Öztürk Kapadokyanı çox bəyənir və ailə quraraq burada yaşamağa qərar verir. O, 10 türk lirəsinə bu konağı alır və ailəsi ilə birgə bura köçür. Öztürkün dörd uşağından üçü eşitmə və nitq qüsurlu doğulur.
Asmalı Konak zamanla Öztürk ailəsinin necə deyərlər, çörək ağacına çevrilir. Onlar yaşadıqları bu tarixi yunan evini turizm obyekti formasına salırlar. Digər tərəfdən konakda bölgəyə gələn turistlərə türk mətbəxini də təklif edirlər.
O ki, qaldı Öztürk ailəsinin tarixi konağı çəkiliş qruplarına icarəyə verməsinə, hekayənin bu tərəfi də çox maraqlıdır. Onu da deyim ki, qədim yunan evi “Asmalı Konak” serialı ilə məşhurlaşmayıb. Daha öncə ev italyan filmləri üçün də çəkiliş pavilyonuna çevrilib. Bu tarixi evin “Asmalı Konak” serialı üçün icarəsi isə çəkiliş qrupuna günü 100 milyon lirəyə (köhnə pulla) başa gəlib.
“Asmalı Konak” serialı indi də tarixi evə pul qazandırır. Belə ki, hazırda çəkiliş aparılan otaqlar serialın muzeyi kimi istifadə olunur. Hətta Baharın istifadə etdiyi kosmetik əşyalar, yataq dəsti, Bahar və Seymənin uşaqlarının beşiyi, mətbəx və filmdə istifadə olunan digər əşyalara da toxunulmayıb. Dəhlizlərdə film epizodlarından ibarət foto çərçivələr asılıb. Muzeyin ziyarətçiləri də kifayət qədərdir. Onlar adambaşına 2 türk lirəsi ödəməklə buranı ziyarət edə bilirlər.
Nərmin Kərim















