Bakı, 11 sentyabr, AZƏRTAC
Sentyabrın 10-da Birləşmiş Millətlər Təşkilatının Avstriyanın paytaxtı Vyana şəhərində yerləşən mənzil-qərargahında Azərbaycan Respublikasının Baş prokuroru Zakir Qaralovun sədrliyi ilə Beynəlxalq Antikorrupsiya Akademiyasının (IACA) Assambleyası Bürosunun geniş tərkibli iclası keçirilib.
Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, büroya üzv ölkələrin yüksək səviyyəli nümayəndələri, habelə BMT-nin nəzdində fəaliyyət göstərən regional qruplara sədrlik edən ölkələrin səfirlərinin iştirak etdiyi iclasda Assambleyanın bu il dekabrın 9-11-də Vyanada keçirilməsi nəzərdə tutulan dördüncü sessiyasına hazırlıqla əlaqədar zəruri təşkilati işlər, sessiyada qəbul edilməsi nəzərdə tutulmuş qətnamə layihələri, Akademiyanın İdarə Heyətinə seçkilər və sair məsələlərlə bağlı ətraflı müzakirələr aparılıb.
Büronun iclasını giriş sözü ilə açan Assambleyanın sədri Zakir Qaralov Azərbaycan Respublikasında korrupsiyaya qarşı mübarizənin dövlətimizin başçısı İlham Əliyevin möhkəm siyasi iradəsinə əsaslandığını xüsusi vurğulayaraq, bu sahədə həyata keçirilmiş qanunvericilik və institusional islahatlar barədə ətraflı məlumat verib. Korrupsiyaya qarşı mübarizə sahəsində beynəlxalq əməkdaşlığın əhəmiyyətini qeyd edən Z.Qaralov bunu Beynəlxalq Antikorrupsiya Akademiyasının ən uğurlu təşəbbüslərindən biri kimi qiymətləndirib.
Tədbir çərçivəsində Baş prokurorun Akademiyanın icraçı katibi və dekanı Martin Kroytner, Türkiyənin BMT-nin Vyana ofisi və Avstriyanın paytaxtında yerləşən digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi xanım səfir Əminə Birnur Fertekligil, Büroya üzv olan, habelə regional qruplara sədrlik edən ölkələrin nümayəndələri ilə ikitərəfli görüşləri keçirilib, səmərəli fikir mübadiləsi aparılıb.
Akademiyanın icraçı katibi və dekanı Martin Kroytnerlə görüşdə Baş prokuror Azərbaycan Respublikası ilə dünya miqyasında unikal institutlardan biri olan Beynəlxalq Antikorrupsiya Akademiyası arasında qarşılıqlı münasibətlərin yüksələn xətlə inkişaf etdiyini diqqətə çatdırıb. Həmçinin prokurorluq əməkdaşları ilə yanaşı, digər dövlət qurumlarının da Akademiyanın təklif etdiyi magistr və Yay Akademiyası tədris proqramlarının imkanlarından istifadə etdiyini bildirib.
Ötən ilin noyabrında Assambleyanın Bakı şəhərində keçirilmiş üçüncü sessiyasını məmnunluqla xatırlayan Martin Kroytner Azərbaycan Respublikasının təşkilatın fəaliyyətində rolunun əvəzedilməz olduğunu xüsusi vurğulayıb.
İclasda tədbir iştirakçılarına ölkəmizdə korrupsiyaya qarşı mübarizə sahəsində son 10 il ərzində görülmüş işlər və qazanılmış uğurları əks etdirən ingilis dilində nəşr olunmuş jurnal, Akademiya ilə ölkəmizin dövlət qurumları arasında əməkdaşlığa həsr edilmiş Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin bülleteninin xüsusi buraxılışı, habelə Baş İdarənin fəaliyyətindən bəhs edən buklet və kitabçalar təqdim olunub.
Büronun geniş tərkibli iclasında nümayəndə heyətinin tərkibində Azərbaycanın Avstriyadakı səfiri Qalib İsrafilov və Baş prokurorun müavini, Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev iştirak ediblər.