Bakı, 12 sentyabr, AZƏRTAC
Avropa Parlamentinin Azərbaycanla bağlı qəbul etdiyi qətnamə parlament seçkiləri ərəfəsində Azərbaycandakı ictimai-siyasi sabitliyi pozmaq üçün edilən cəhdlərdən biridir. Qətnamədə 20 ildən çoxdur torpaqlarımızın 20 faizinin Ermənistanın işğalı altında olduğu, qaçqın və məcburi köçkün problemimiz gözardı edilərək süni şəkildə siyasi məhbus məsələsi qabardılır.
Bu fikirlər “Türkiyə Universitetləri Məzunları” İctimai Birliyinin Avropa Parlamentinin qəbul etdiyi əsassız qətnamə ilə bağlı bəyanatında yer alıb.
Bəyanatda deyilir: “Azərbaycan Avropa İttifaqının üzvü olmadığı üçün bu təşkilat və onun qurumları qarşısında heç bir öhdəliyi olmadığı kimi, Azərbaycanın müstəqilliyinə edilən bu kimi müdaxilələr də yersizdir və Avropa Parlamentinin öz səlahiyyət hüdudlarını aşması mənasına gəlir. Bu səbəbdən Avropa Parlamentini şiddətlə qınayır, onu müstəqil dövlətçiliyimizə hörmət etməyə və işğal altındakı torpaqlarımızın azad olunmasında aktiv rol oynamağa çağırırıq”.