Coğrafi anlamda Cənubi Qafqaz Avrasiya qitəsinin ən mühüm kəsişmə ərazilərindən biridir. Bu kəsişmə həm dinlərə, həm də mədəniyyətlərə aiddir. Cənubi Qafqaz həm də tarixlərin kəsişdiyi ərazidir.
Bunu Trend-ə Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib.
Politoloq qeyd edib ki, Cənubi Qafqaz dövlətləri müstəqillik əldə etdikdən sonra ilk olaraq sivil dünya ilə təmaslarında ayrıseçkiliklə rastlaşdılar:
"Qərb Cənubi Qafqaz respublikalarından yalnız Ermənistanı tanıyırdı. Gürcüstan və Azərbaycanı isə tanımırdılar. Ona görə Ermənistana hərtərəfli dəstək verdilər. Hətta Gürcüstanın BMT-yə üzvlüyü məsələsi yubandıqda Qərb lazımı dəstək vermədi. Qərbin Cənubi Qafqaz regionuna ilk ayırıcı siyasəti də məhz bu dövrdə, yəni SSRİ dağıldıqdan, Cənubi Qafqaz respublikaları müstəqil olduqdan sonra başladı. Bu həm də geosiyasi ayırıcı xətt idi. Ermənilər Baltikyanı dövlətlərin xalqları ilə birlikdə kifayət qədər aktiv idilər. SSRİ-nin dağılması prosesində ABŞ-ın və onun xüsusi xidmət orqanlarının diktəsi ilə ermənilərin xüsusi rolu var idi. Zaman keçdikcə Qərb Gürcüstana qarşı da mövqeyini dəyişdi".
M.Əhmədoğlu bildirib ki, səbəb Şevardnadze faktoru və xristianlıq idi. Onun sözlərinə görə, geosiyasi ayırıcı xətti dini parametr üzrə ayırıcılıq əvəzlədi:
"İndi bu bölgüçülük müxtəlif "infrastruktur layihələr" vasitəsi ilə daha da möhkəmləndirir. Demokratiya və insan hüquqları mövzusu belə bölgüçülük üzrə infrastruktur layihələrdir. Ermənistanda demokratiya mahiyyət üzrə qəbul olunur. S.Sərkisyan Avropanı inandıra bilib ki, ermənilər Avropa sivilizasiyasının tərkib hissəsidir, SSRİ dövrü ermənilər üçün cəhənnəm idi, ermənilər Rusların təsiri altına təsadüfən düşüblər. Məhz bu parametrlərə görə də ermənilər SSRİ-nin dağılmasında əsas meydançalardan biri idi. Erməni xristianlığı pravoslavlığına deyil, Qərb katolisizminə daha yaxındır. S.Sərkisyanın bu konsepsiyası Qərb tərəfindən qəbul edildi. Avropa sivilizasiyası xristianlıq üzərində qurulub və o sivilizasiyanın ən əsas atributlarından biri də demokratiyadır. Nəticədə seçki prosesində ölüm halları, etnokriminalların seçki prosesinə müdaxiləsini demokratiyanın təzahürü kimi qəbul etdilər".
Politoloq vurğulayıb ki, hətta 2008-ci ildə prezident seçkiləri zamanı 10 adamın ölümü də Qərbin dünya görüşündə demokratiya anlayışının tərkibinə daxildir:
"On nəfərin ölümü ilə nəticələnmiş 1 mart hadisələrini araşdırmaq demokratiyaya ziddidir. Ermənistanda seçici siyahılarının dərc olunması qanunla qadağandır. Guya bu Ermənistanın təhlükəsizliyinə zərər vura bilər. Seçki məntəqələrində web-kameraların quraşdırılması da qadağandır. Səsvermə günü şəkil çəkmə qabiliyyəti olan aparatlarla seçki məntəqəsinə girmək olmaz. Bu vətəndaşın gizli səsvermə hüququna ziddir. Ermənilər öz demokratiyasını belə izah edir. Qərb erməni demokratiyasını erməni istədiyi kimi başa düşür və hər il belə demokratiyanı saxlamaq üçün Ermənistana 100 milyon dollar vəsait verir. Ermənistanda "ermənivari" demokratiya bu dövlətin maliyyə mənbələrindən birinə çevrilib. Gürcüstanda keçirilən seçkilərin demokratiyası Qərb tərəfindən qəbul edilib. Bu demokratik seçkilər nəticəsində formalaşmış hakimiyyət siyasi rəqiblərini həbs edir, təqibləri dayandırmayır, mətbu orqanlarını bağlayır, mətbuata təzyiq etməklə "zərərli tok-şouların" fəaliyyəti dayandırılır. Gürcüstanda jurnalistlər öldürülür. Erosi Kitsmarişvili buna bariz misaldır. Onun ölümün səbəblərinin araşdırılması Qərbdə heç kimi maraqlandırmır. Gürcüstan demokratik seçki nəticəsində hakimiyyətə gələn, indi istefa vermiş keçmiş baş nazir tərəfindən idarə edilir. Bu qeyri-formal idarəçilikdir".
M.Əhmədoğlu əlavə edib ki, Azərbaycanda demokratiya və insan hüquqları Qərbin əlində Azərbaycan hakimiyyətini küncə sıxmaq alətinə çevrilib.
O qeyd edib ki, Qərbin dəstəklədiyi bir qrup QHT və mətbuat təmsilçilərini Azərbaycan cəmiyyətində heç kim tanımır:
"Bəzi QHT təmsilçiləri Qərbdən aldığı qrantların hesabına korrupsioner məmurla müqayisə olunan qədər maliyyə və mülkə malikdir. Azərbaycanda korrupsiyanı tənqid edən Qərb həmin QHT-ləri korrupsioner kimi yetişdirib. Süni olaraq insan hüquqlarını və demokratiyanın pozulması faktları yaradılır və qeydə alınır. Bu prezident və parlament seçkiləri zamanı ən çox istifadə olunan metoddur. 2013-cü ilin prezident seçkilərində Azərbaycanda mitinq azadlığı ən liberal şəkildə təmin edilmişdi. Uzun müddətdir Azərbaycanda seçici siyahıları açıq şəkildə dərc edilir. İnternet vasitəsi ilə bütün seçicilərin şəxsi məlumatları ilə tanış olmaq mümkündür. Seçki məntəqələrinin 20%-i web-kameralarla təchiz olunub. Amma bunlar Qəbrin anlamında aşkarlığın və demokratiyanın təzahürü deyil. Qərblə sıx əlaqədə olan QHT-lərin özlərinin "təşkil etdiyi adamın" seçki məntəqəsinə daxil olub əlinə hətta şüurlu şəkildə iki kağız götürüb bunu seçki bülleteni ilə təqdim etməsi qanun pozuntusudur. Bunu sonra xüsusi metodologiya üzrə hesablayıb bütün seçki məntəqələrinə şamil edirlər. Azərbaycanda bir gün ərzində seçki prosesinə neqativ rəy verən ATƏT DTİHB bu günədək Ermənistandakı 2013-cü ilin prezident seçkiləri ilə bağlı yekun rəyini hazırlaya bilməyib".
Politoloq əlavə edib ki, Cənubi Qafqaz regionunda demokratiyanın eybəcərləşməsi və özünü tam təsdiq edə bilməməsinin səbəbi isə Qərbin bu regiona ayırıcı və ya bölgücü münasibətinin nəticəsidir.
Milli.Az