Naxçıvan, 14 sentyabr, AZƏRTAC
Son illər Naxçıvanda dövlət dəstəyi ilə 19 hüquqi və fiziki şəxs tərəfindən ümumi tutumu 12 min 610 ton olan 21 soyuducu anbar istifadəyə verilib və yeni soyuducu anbarların yaradılması istiqamətində sahibkarlar arasında maarifləndirmə işləri davam etdirilir.
AZƏRTAC xəbər verir ki, bu barədə Naxçıvan Biznes Mərkəzində Naxçıvan Muxtar Respublikası İqtisadiyyat və Sənaye Nazirliyi kollektivinin və sahibkarların iştirakı ilə payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə bağlı keçirilən tədbirdə söhbət gedib.
Muxtar respublikanın iqtisadiyyat və sənaye naziri Famil Seyidov çıxış edərək bildirib ki, əhalinin payız-qış mövsümündə meyvə və tərəvəz məhsullarına olan tələbatının ödənilməsində soyuducu anbarlar mühüm əhəmiyyət kəsb edir. 2015-ci ildə meyvə-tərəvəz məhsullarının saxlanılması üçün tutumu 350 ton olan anbar istifadəyə verilib.
2015-2016-cı ilin payız-qış mövsümünə hazırlıqla əlaqədar meyvə-tərəvəz məhsullarının tədarük olunması məqsədilə soyuducu anbarların və istixana komplekslərinin sahibləri arasında maarifləndirmə işləri aparılıb, mövsüm ərzində tələbatdan artıq istehsal edilmiş məhsulların anbarlara yığılması ilə bağlı kütləvi informasiya vasitələrində elanlar verilib, istehsalçı və tədarükçülərin fəaliyyətinin əlaqələndirilməsi təmin edilib. “Naxçıvan Meyvə-Tərəvəz Məhsulları” Məhdud Məsuliyyətli Cəmiyyəti və digər soyuducu anbarların sahibkarları tərəfindən kənd icra nümayəndələri ilə əlaqə yaradılıb, satış qiymətləri razılaşdırılıb və təklif olunduğu halda, məhsulların tədarükü həyata keçiriləcək. Tədarük olunan məhsulların normativ qaydalara uyğun saxlanılması məqsədilə “İstehlak Mallarının Ekspertizası Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən həmin məhsulların qəbul və saxlama tələbləri hazırlanaraq soyuducu anbarların sahiblərinə təqdim olunub.
Vurğulanıb ki, 2013-cü ilin iyul ayından 2015-ci ilin sentyabr ayınadək muxtar respublika ərazisində fəaliyyət göstərən soyuducu anbarlara cəmi 870 ton olmaqla, 765 ton kartof, 59 ton soğan, 29 ton ərik, 10 ton şaftalı, 4 ton alma və 3 ton kələm tədarük olunub. Muxtar respublikada əhalinin qış mövsümündə keyfiyyətli tərəvəz məhsulları ilə təmin olunmasında istixana kompleksləri mühüm əhəmiyyət kəsb edir. Bu sahəyə göstərilən qayğı nəticəsində hazırda muxtar respublikada tərəvəz yetişdirilən istixana komplekslərinin ümumi sahəsi 100 min kvadratmetri ötüb. 2015-ci ildə ümumi sahəsi 2860 kvadratmetr olan dörd istixana istifadəyə verilib, ümumi sahəsi 5000 kvadratmetr olan iki istixana kompleksinin qurulması isə davam etdirilir.
Bildirilib ki, 2015-ci ilin yanvar-iyul aylarında istixana komplekslərində 1176 ton məhsul istehsal olunaraq satılıb. Payız-qış mövsümü üçün 60 min 320 kvadratmetr sahədə pomidor, 29 min 736 kvadratmetr sahədə xiyar, 2 min kvadratmetr sahədə çiyələk, 150 kvadratmetr sahədə isə göbələk əkini həyata keçirilib və sentyabrın 15-dən sonra məhsulların istehlakçılara təklif olunması nəzərdə tutulur.
Nazir qeyd edib ki, bu gün muxtar respublikada fəaliyyəti bərpa edilmiş və ya yenidən qurulmuş istehsal müəssisələrində 119 növdə, 507 çeşiddə ərzaq, 238 növdə, 599 çeşiddə qeyri-ərzaq olmaqla, cəmi 357 növdə, 1106 çeşiddə məhsul istehsal edilir. Müəssisələr 107 növ ərzaq, 229 növ qeyri-ərzaq məhsulları olmaqla, tələbatı tamamilə yerli istehsal hesabına ödəmək gücünə malikdir.
Tədbirdə payız-qış mövsümünə hazırlığın yüksək səviyyədə aparılması məqsədilə 2015-ci il noyabrın 15-dək soyuducu anbarların yerli istehsal məhsulları ilə tam doldurulmasının təmin edilməsi, meyvə-tərəvəz məhsullarının tədarükü, istixana komplekslərindən səmərəli istifadə olunması və digər məsələlərə toxunulub.
Sonra məruzə ətrafında çıxışlar olub.