Naxçıvan, 14 sentyabr, AZƏRTAC
Muxtar respublikada daşınmaz əmlakın dövlət reyestrinin aparılmasında operativliyin təmin olunması, eləcə də torpaqlardan təyinatı üzrə istifadəsinə dövlət nəzarəti sahəsində işlər uğurla davam etdirilir. Daşınmaz əmlakın hüquqi ekspertizası və reyestrinin aparılması istiqamətində görülən məqsədyönlü işlər nəticəsində ötən ay muxtar respublika üzrə 164 torpaq, 1 qeyri-yaşayış sahəsi, 64 mənzil, 131 fərdi yaşayış evi, 1 çoxmərtəbəli yaşayış, 4 qeyri-yaşayış binası, 3 əmlak kompleksi olmaqla, cəmi 368 daşınmaz əmlak obyekti qeydiyyata alınıb.
Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, daşınmaz əmlakın inventarlaşdırılması və qiymətləndirilməsi istiqamətində daxil olmuş müraciətlər əsasında 289 texniki sənəd hazırlanıb. Dövlət qeydiyyatına alınacaq əmlaklara texniki sənədlərin hazırlanması üçün, ümumilikdə, 308 əmlaka yerində baxış keçirilərək müayinə aktı tərtib edilib, əmlakların bölünməsi və birləşməsi zamanı əməliyyatların natura və kameral şəraitdə düzgün aparılmasına nəzarət gücləndirilib.
Ötən ay muxtar respublikada ilkin qeydiyyat, bölünmə və birləşmə nəticəsində yaranmış 75 yeni daşınmaz əmlak obyektinə ünvanlar verilib və ünvan reyestrinin elektron xəritələri üzərinə köçürülüb. Naxçıvan şəhər dövlət ehtiyat fondunun və qış otlaq sahələrində olan əkinəyararlı torpaq sahələrinin əkin dövriyyəsinə cəlb olunması məqsədilə ərazilər kameral şəraitdə müəyyənləşdirilib. Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin və komitənin Naxçıvan Şəhər İdarəsinin mütəxəssisləri ilə birlikdə ölçü işləri aparılıb, 25 hektar dövlət ehtiyat fondu torpaqlarında, 177 hektar isə qış otlaq sahələrində əkinəyararlı torpaq sahələri ölçülərək xəritələşdirilib.
Culfa rayonunun Şurud kəndinin sərhəd xəritələrinə dair müvafiq yerquruluşu sənədləri elektron variantda hazırlanıb və torpaqların növləri üzrə uçotu aparılıb. Şərur şəhəri və rayonun Dərvişlər, Vərməziyar, Yengicə, Tənənəm, Dərəkənd və Oğlanqala kəndlərinin ərazisində mövcud mülkiyyət növləri üzrə torpaq sahələrinin elektron torpaq kadastr xəritələri hazırlanıb, kadastr xəritələrinin məlumatları ilə torpaq reyestrində saxlanılan məlumatların uyğunluğu yoxlanılıb.
Avqust ayında Şərur rayonunun Vərməziyar və Muğanlı, Culfa rayonunun Əlincə və Xoşkeşin, Ordubad rayonunun Yuxarı Əylis və Yuxarı Əndəmic, Babək rayonunun isə Kalbaoruc Dizə və Kərimbəyli kəndlərində vətəndaşlara səyyar xidmət göstərilib. Dövlət Yerquruluşu, Geodeziya və Xəritəçəkmə Layihə İnstitutu tərəfindən Şərur rayonunun Yeni Havuş və Xətai, Sədərək rayonunun Sədərək və Qaraağac kəndlərinin, eləcə də Heydərabad qəsəbəsinin yerquruluşu planları, Kəngərli rayonunun Qıvraq qəsəbə, Qabıllı, Yurdçu, Şərur rayonunun Mahmudkənd, Dərəkənd və Danyeri kəndlərinin kartoqramları hazırlanıb.
“Naxçıvan Muxtar Respublikasının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası ilə bağlı Naxçıvan şəhəri, Şərur, Babək və Kəngərli rayonlarının dövlət ehtiyat fondu və qış otlaq sahələrində olan əkinəyararlı torpaq sahələrinin əraziləri müəyyənləşdirilib. Habelə Şərur rayonunun Dərvişlər, Tənənəm, Dərəkənd, Oğlanqala kəndlərinin və Şərur şəhərinin həyətyanı və çöl pay torpaqlarının ortofotoplana əsasən, yerləri dəqiqləşdirilərək xəritələşdirilib.