Hakimiyyət əhaliyə qarşı antidemokratik siyasətini daha da genişləndirir

Bu gün dünyanın siyasi müstəvisində özünü qabarıq şəkildə göstərən əsas problemlərdən biri də ikili standartlarla bağlıdır. Xüsusən də Qərb dövlətləri və onların təmsil olunduğu əksər beynəlxalq təşkilatlar tərəfindən dünyada gedən proseslərin inkişafına ikili standartlar əsasında yanaşılması özünü getdikcə daha çox büruzə verir.

Hər halda, Qərbin müəyyən dövlətlərə fərqli prizmadan yanaşması, birində cinayət hadisəsini siyasiləşdirməsi, digərində isə ən kobud qanun pozuntusunu belə görməzlikdən gəlməsi qeyd olunanların real təsdiqi kimi çıxış edir. Bunun bariz formasını dünyanın üçüncü ölkələri ilə müqayisə olunan, totalitarizmin dərin kök saldığı Ermənistanın timsalında aydın müşahidə etmək olar.
Ümumiyyətlə, qanunun aliliyi, insan hüquqlarına hörmət olunması baxımından Ermənistanın banan respublika statusu daşıması bu ölkənin özündə də etiraf olunur. Qeyd olunanların daha bir təsdiqi Ermənistanda növbəti etiraz aksiyasının polis tərəfindən zorakılıqla dağıdılması, insanların təzyiqlərə məruz qalmasıdır. Belə ki, paytaxt Yerevanda Azadlıq meydanından elektrik enerjisinin bahalaşmasına etiraz olaraq "Talana yox!" vətəndaş təşəbbüsünün yürüşü keçirilib. "Talana yox!" vətəndaş təşəbbüsünə "Ayağa qalx, Ermənistan" və "Təsis parlamenti" təşkilatı da qoşulub. Aksiyaçılar Ermənistan prezidentinin qərargahı yaxınlığındakı Baqramyan prospektini bağlayıb. Proseslərdən narahat olan hakimiyyət aksiyanın zorla dağıdılmasına göstəriş verib. Nümayişin davam etdiyi əraziyə xeyli sayda polis qüvvələri yeridilib. Erməni polisi Baqramyan prospektindəki etirazçılara güc tətbiq edərək ərazini təmizləyib.

Polis məntəqələrinə aparılan vətəndaşların sayının 48 olduğu bildirilir. Xatırladaq ki, Ermənistanda elektrik enerjisinin bahalaşmasına qarşı iyunun 19-dan etiraz aksiyaları keçirilirdi. İyunun 23-də səhər saatlarında polis paytaxt Yerevanda keçirilən aksiyanı zorakılıqla dağıdıb və həmin gün 237 aksiya iştirakçısı həbs olunub. Onlara qarşı Cinayət Məcəlləsinin xuliqanlıq maddəsi ilə cinayət işi açılıb. Zorakılıqlara yol verən polislərin cəzalandırılması tələb edilsə də, buna məhəl qoyan yoxdur.
Bütün bu baş verən qanun pozuntularına isə Qərb təsisatları susqun mövqedən yanaşır. Onların böyük əksəriyyəti, o cümlədən Avropa Parlamenti, görünür, yenə xristian təəssübkeşliyi nümayiş etdirərək Ermənistanda qanun pozuntularına hansısa münasibət bildirmir.

Yaxud da başqa bir qanun pozuntusuna diqqət yetirək. Ermənistanda ömürlük həbs cəzası alan və Nubaraşen həbsxanasında cəza çəkən məhbuslar aksiya keçirəcəklərini bildiriblər. Məhbuslar cinayət işləri ilə bağlı etdikləri müraciətə cavab gözləməkdən bezdikləri üçün etiraz aksiyası keçirməyə məcbur olublar. Erməni mediası yazır ki, onlardan biri 20 ildən artıqdır həbsxanada yatır. Məhbusun vaxtından əvvəl azadlığa buraxılması ilə bağlı etdiyi müraciətə hələ də cavab verilməyib. Halbuki, bu hal da ciddi qanun pozuntusudur. Amma buna görə də ermənilərə beynəlxalq qurumlar tərəfindən hansısa irad tutulmur.

Müxalif erməni mediası yazır ki, hakimiyyət nümayəndələri hər addımda insanların hüquqlarını kobud surətdə tapdalayırlar. Bu barədə müxtəlif beynəlxalq təşkilatlara müraciət etməyin heç bir faydası yoxdur. Çünki onlar proseslərə hansısa ciddi reaksiya vermirlər. Elə bu səbəbdəndir ki, Ermənistanda insan hüquq və azadlıqlarının qorunması barədə danışmağa dəyməz. Baş verən son hadisələr bir daha təsdiqləyir ki, bu ölkədə demokratiya, haqq-ədalət tələb edənlər təzyiqlərə, işgəncələrə məruz qalırlar. Yerli hüquq müdafiəçiləri hakimiyyət dairələrinin müxalifət nümayəndələrinə işgəncə vermələrinə ciddi etiraz edirlər. Onlar hakimiyyətə heç bir təzyiq göstərməyən Qərbi, beynəlxalq təşkilatları ittiham edirlər. Amma Avropa Parlamenti, "Human Rights Watch", "Amnesty International", "Freedom House", və digər təşkilatlar Ermənistanda baş verənlərə münasibət bildirməyə lüzum görmürlər. Onlar, nədənsə, Ermənistanda insan hüquqlarının hakimiyyət tərəfindən açıq-aşkar pozulmasının fərqində olmaq istəmirlər.
Ölkədə kütləvi qətllərə və həbslərə, siyasi təqiblərə, siyasi motivlərlə insanların azadlıqdan məhrum olunmasına beynəlxalq qurumların etinasızlıqla yanaşması Ermənistanda repressiyanın daha sürətlə davam etməsinə gətirib çıxarır. Qərb isə bütün bunları görür, ancaq hələ də susqunluqla yanaşmaqda davam edir.

"Azərbaycan" qəzeti

Ermənistanda artan zorakılığa beynəlxalq susqunluq - FOTO
Ermənistanda artan zorakılığa beynəlxalq susqunluq - FOTO