Bakı, 15 sentyabr, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu 15 sentyabr- Bilik günü münasibətilə 150-dən çox təhsil ocağında mühazirələr təşkil edib.
Bilik Fondundan AZƏRTAC-a bildirilib ki, qurumun “İlboyu Bilik” proqramı çərçivəsində Bakıda və Azərbaycanın bütün rayonlarında ali və orta məktəblərdə “Heydər Əliyev Azərbaycan multikulturalizminin siyasi banisidir” mövzusunda dərslər keçilib, mühazirələr oxunub. Ümumilikdə, 158 yerdə - 142 orta məktəbdə, 16 ali məktəbdə tanınmış ziyalılar – akademiklər, professorlar, diplomatik korpus və media nümayəndələri məktəblilər, tələbələr və yerli sakinlərlə görüşüblər, onlara Azərbaycanda multikultural ənənələr, artıq formalaşmış tolerantlıq mühiti barədə ətraflı məlumat veriblər.
Bilik Fondunun mühazirəçiləri şəhər məktəbləri ilə yanaşı, kənd məktəblərində, qaçqın və məcburi köçkün, eləcə də sərhədyanı bölgələrin məktəblərində şagirdlərə maraqlı mühazirələr deyiblər.
Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, akademik Kamal Abdullayev Şamaxı rayonundakı Sabir qəsəbə tam orta məktəbində, Milli Məclisin deputatı Aydın Mirzəzadə Mingəçevirdə, Respublika Təhsil Şurasının sədri Əjdər Ağayev Neftçalada, Alban-udi xristian icmasının sədri Robert Mobilim Qəbələdə, ATV şirkətinin Bədii Şurasının sədri Etibar Babayev Siyəzəndə, professor Rüstəm Kamal Qazaxda, AMEA Şərqşünaslıq İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Gövhər Baxşəliyeva Bərdədə, folklorşünas Ağaverdi Xəlilov İsmayıllıda, Bilik Fondunun icraçı direktoru Oktay Səmədov Şuşa və Qubadlının qaçqın məktəblərində, akademik Vaqif Abbasov, AMEA-nın Dilçilik İnstitutunun direktoru Möhsün Nağısoylu və başqaları ölkəmizin ali və orta məktəblərində mühazirələr oxuyublar.
Bakıda və bölgələrdə ölkə ziyalılarının, diplomatik korpus nümayəndələrinin və KİV nümayəndələrinin mühazirələri yüksək qiymətləndirilib və təşkilatçılara minnətdarlıq ifadə olunub.