Düşənbə, 15 sentyabr, AZƏRTAC
Sentyabrın 15-də Düşənbə şəhərində Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Sammiti keçirilib.
Görüşdə KTMT-nin üzvü olan dövlətlərin başçıları iştirak ediblər.
Sammitdə KTMT-nin üzvü olan ölkələrdə təhlükəsizliyin və sabitliyin qorunması, Tacikistanın bu təşkilatda sədrliyinin başa çatması və bu müddətdə görülən işlər müzakirə edilib.
İclasa sədrlik edən Prezident Emoməli Rəhmon dünyada və regionda vəziyyətin gərginləşməsinin, terrorçu və ekstremist qüvvələrin aktivləşməsinin narahatlıq doğurduğunu bildirib. Qeyd edib ki, KTMT-iın üzvü olan dövlətlər Əfqanıstanla həmsərhəd olan Tacikistanın hərbi-sərhəd potensialının gücləndirilməsi üçün ikitərəfli və çoxtərəfli səyləri daha da gücləndirməlidirlər.
Digər üzv dövlətlərin başçıları Tacikistanın bu təşkilatda sədrliyinə yüksək qiymət verib. Prezidentlər terrorizm və ekstremizm təhlükəsi ilə üzləşən Tacikistanın Mərkəzi Asiya regionunda təhlükəsizliyin və sabitliyin təmin edilməsində mühüm rolunu qeyd edib, bu ölkəyə hər cür kömək göstərəcəklərini bildiriblər.

Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Düşənbə