Bakı, 16 sentyabr, AZƏRTAC
Xəbər verildiyi kimi, 2014-cü il noyabrın 24-də Qəbələ şəhər sakini Vahid Vahabovun yaşadığı evdə odlu silahla qətlə yetirilmiş meyitinin tapılması faktı üzrə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlayıb.
Araşdırmalarla müəyyən edilib ki, Vahid Vahabovun qonşusu Coşqun Kərimbəyli onun imkanlı şəxs olduğu barədə yaxın dostları, radikal ekstremist yönümlü dini təriqət üzvləri olan, əvvəllər məhkum edilmiş Nurəddin Xəlilova, Müşfiq Mikayılova, Rəşad Həşimliyə və Əhməd Kərimova məlumat verib. Onlar həmin gün oğurladıqları avtomobillə Qəbələ şəhərinə gedərək, gecə saatlarında Vahid Vahabovun yaşadığı mənzilə daxil olub, onu odlu silahla öldürüb, həyat yoldaşına isə müxtəlif dərəcəli xəsarətlər yetiriblər.
Daxili İşlər Nazirliyi və Respublika Baş Prokurorluğunun mətbuat xidmətlərinin AZƏRTAC-a daxil olmuş birgə məlumatında bildirilir ki, aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində cinayətkar dəstənin bir çox üzvləri məsuliyyətə cəlb olunublar.
Daxili işlər və prokurorluq orqanlarının əməkdaşları tərəfindən həyata keçirilmiş tədbirlərlə həmin qətlin və bir sıra digər ağır cinayətlərin təşkilatçılarından və fəal iştirakçılarından olan, mütəşəkkil cinayətkar qrupun istintaqdan yayınan daha iki üzvü - Coşqun Kərimbəyli və Əhməd Kərimov müəyyən edilərək yaxalanıblar. Bununla da cinayətkar dəstənin həbs edilən üzvlərinin sayı 18 nəfərə çatıb.
Hazırda iş üzrə zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.