Bakı, 20 sentyabr, AZƏRTAC
“Xalq kompyuteri” layihəsi çərçivəsində güzəştli şərtlərlə 26 min 800 kompyuter satılıb. “Hər ailə üçün kompyuter” devizi ilə həyata keçirilən layihədə təqdim edilən kompyuter və noutbuklar lisenziyalı proqram təminatına malikdir və mövcud bazar qiymətlərindən 25 faizdən 40 faizədək aşağı qiymətə, 12 ay müddətinə faizsiz kreditlə satılır.
AZƏRTAC xəbər verir ki, Rabitə və Yüksək Texnologiyalar və Təhsil nazirlikləri tərəfindən təşkil olunan layihə “Microsoft” və “HP” şirkətləri tərəfindən təqdim edilir, təchizatı isə “BestComp Group” şirkəti həyata keçirir.
“Xalq kompüteri” layihəsi çərçivəsində orta məktəb müəllimləri və şagirdləri, ali məktəb tələbələri və təhsil sektorunun işçiləri güzəştli şərtlərlə kompyuter almaq imkanı əldə edirlər. Növbəti mərhələdə digər qrup insanlar da bu layihənin imkanlarından yararlana biləcəklər.