Müasir zamanda informasiya texnologiyaları sahəsinin sürətli inkişafına baxmayaraq, qadınların İKT sahəsindəki payı, xüsusən də Azərbaycanda, olduqca azdır. Və məhz bu səbəbdən WoWoman sosial platformu əsas məqsədi qadınlar arasında da İT sahəsinin məşhurlaşması, qadınların İT xidmətləri bazarında imkanlarının genişlənməsi, onların fikir və təcrübələri ilə bölüşəcəkləri, təqdim olunan İT materialları ilə işləyəcəkləri və bununla da bilgilərini artıracaqları məkanın yaradılması olan "Tech-Tech Xanim" layihəsini hazırladı.
Bununla əlaqədar olaraq WoWoman sentyabr ayının 19-u 2015-ci il tarixində Bakıda Yüksək Texnologiya Parkında xanımlar üçün informasiya texnologiyaları üzrə giriş xarakterli dərs təşkil etmişdir. Bu tədbirin məqsədi, kompüter texnologiyalarının xanımlar üçün olmadığı düşüncəsinin yanlış olduğunu sübut etmək və bu kimi stereotipləri qırmaqda kömək göstərməkdir. "Tech-Tech Xanim" layihəsinin komandası aparıcı İT mütəxəssislərinin dəstəyi ilə təlimlərin təşkil olunması və Microsoft Azərbaycanın dəstəyi ilə baş tutan imtahanlara girişin təmin olunması vasitəsi ilə xanımların İT sahəsində imkanlarının genişlənməsi uğrunda çalışır, məhz buna görə bütün kursu uğurla başa vurmuş hər bir iştirakçı sertifikatla təltif olunacaq və əldə etdiyi bacarıqları peşəkar səviyyədə tətbiq etmək imkanı əldə edəcəkdir.
Kursda iştirak üçün seçim mərhələsini uğurla keçmiş 50 nəfər iştirakçı seçilmişdir. Lakin bir çox xahişləri nəzərə alaraq seçim mərhələsi 30 sentyabr 2015 tarixinə kimi uzadılmışdır. Kurslara oktyabr ayında start veriləcək və ən qısa zamanda təlimçilərin cədvəli müəyyənləşdirilərək WoWoman-ın saytında və WoWoman Tech-Tech Xanim layihəsinin rəsmi Facebook səhifəsində yerləşdiriləcəkdir. Kursa yazılmaq istəyənlər aşağıda verilmiş linkə daxil olaraq onlayn müraciət formasını doldurmalıdırlar:
http://goo.gl/forms/cy8FEqSyZy
Təlimlər müvafiq sahədə ən yaxşı İT mütəxəssisləri tərəfində aparılacaq:
1. Server idarə edilməsi - Fərhad Kərimov, SOFAR-ın aparıcı İT mütəxəssisi, MCP (Microsoft Certified Professional)
2. Şəbəkə əsasları - Səfər Səfərov, Mars Tech Limited-in Texniki Direktoru
3. Proqram təminatının hazırlanması - Ramin Orucov, Azercell-in İnformasiya Sistemləri Şöbəsinin Rəhbəri
4. Verilənlər Bazasının idarə edilməsi - Anar Qocayev, YapikrediBank-ın aparıcı İT mütəxəssisi
İT bacarıqları işə düzələrkən prioritet hesab olunan tələblərdəndir, texnologiyadan istifadə isə karyera yüksəlişinin mühim şərtlərindəndir. Bu sahə günümüzdə baş verən sürətli dəyişiklikləri tez bir şəkildə qavrayaraq onlara operativ şəkildə reaksiya verir. İT sahəsi sərbəst iş qrafiki və yaradıcı yanaşma sayəsində Azərbaycanda qadınların daha çox məşğulluğuna səbəb ola bilər və qadınlara bu işdə kömək etmək isə - Tech-Tech Xanimin əsas missiyasıdır.
Milli.Az





