Bakı, 22 sentyabr, AZƏRTAC
İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu Göygöl rayonunda sahibkarlardan prioritet hesab olunan sahələr üzrə investisiya layihələrinin qəbuluna başlayır.
İqtisadiyyat və Sənaye Nazirliyindən AZƏRTAC-a bildirilib ki, İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu Göygöl rayonunun Qızılca kəndində işgüzar forum keçirib. Sahibkarlardan cins heyvandarlıq və üzümçülük təsərrüfatlarının yaradılması, meyvə emalı və qablaşdırılması, çörək, pendir və keramika məhsullarının istehsalı müəssisələrinin, arıçılıq təsərrüfatlarının (o cümlədən, balın sənaye üsulu ilə emalı və qablaşdırılması müəssisəsinin) yaradılması istiqamətlərdə investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulu məqsədəuyğun hesab edilib.
Bu gündən etibarən sahibkarlar investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə müvəkkil kredit təşkilatları vasitəsilə Sahibkarlığa Kömək Milli Fonduna müraciət edə bilərlər. Əlavə məlumat üçün Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, 172-yə (Telefon (012) 434-74-29, Faks (012) 432-37-17, e-mail: info@anfes.gov.az ) müraciət etmək olar.