[ 22 Sentyabr 2015 16:11 ]


“Yeni dərslikləri sovet vaxtı çap olunan dərsliklərlə müqayisə etməməliyik”

Bakı. Fərid Mirzəyev – APA. “Dildə nəyisə qadağan etmək mümkünsüzdür. Dil cəmiyyətin güzgüsüdür. Necə ki, cəmiyyətdə yaxşı və pis insanlar var, eləcə də dildə yaxşı və pis sözlər var. Son vaxtlar 10-cu sinif “Ana dili” dərsliyində Xalq yazıçısı İsmayıl Şıxlının “Dəli Kür” romanından bir parça müzakirə olunur. Sadəcə, romandan verilən ifadələr şagirdə həmin ifadələrin harada, necə və nə üçün işlədilməsini müəyyən etmək üçün təqdim olunur”.

APA-nın xəbərinə görə, bunu Təhsil Nazirliyinin Tədris Resursları şöbəsinin müdir müavini Əsgər Quliyev bu gün orta məktəblərin “Ana dili” dərslikləri ilə bağlı keçirilən mətbuat konfransında deyib.

Ə. Quliyev bildirib ki, 8-ci sinif “Ana dili” dərsliyində də buna bənzər və fərqli kontekstdə nitq məsələləri ilə bağlı fikirlər yer alıb: “Bəzi mütəxəssislər dərsliklərə ədəbiyyat müntəxəbatı kimi baxırlar. Biz yeni dərslikləri sovet vaxtı çap olunan dərsliklərlə müqayisə etməməliyik. Bəziləri elə bilir ki, həmin bu mətnlər təsadüf nəticəsində bura düşür. Bunu mütləq şəkildə bilmək lazımdır ki, bu mətnlər müəyyən olunmuş standartlara uyğun hazırlanır”.

Müdir müavini qeyd edib ki, dərsliklər Təhsil Nazirliyinin, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının və 4 ali məktəbin ekspertləri tərəfindən yoxlanılıb.