Naxçıvan, 22 sentyabr, AZƏRTAC
Bu gün Naxçıvanın tarixi, zəngin mədəniyyəti, elmi-ədəbi mühiti dərindən araşdırılır, sanballı tədqiqat materialları nəşr edilir. Bu dəyərli mənbələrin qorunması və təbliği yeni tədqiqat işlərinin aparılması və gələcək nəsillərə çatdırılması baxımından əhəmiyyətlidir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Naxçıvanşünaslıq Mərkəzinin yaradılması da bu məqsədə xidmət edir. Mərkəzin fondu hər ötən il daha da zənginləşdirilir, Naxçıvan haqqında dəyərli mənbələr elm adamlarına təqdim olunur.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Naxçıvanşünaslıq Mərkəzindən AZƏRTAC-a bildirilib ki, mərkəzin oxucu sayı ilbəil artır. Fəaliyyətə başladığı gündən 2015-ci ilin iyul ayınadək Naxçıvanşünaslıq Mərkəzinin xidmət şöbəsində 716 nəfərə oxucu bileti verilib. Ötən dövrdə mərkəzin fondu və elektron bazası əldə olunan yeni materiallar hesabına daha da zənginləşdirilib. 2015-ci ilin ilk altı ayı ərzində mərkəzdə 158 nüsxə çap materialının uçotu aparılıb, onlardan 120-si kitab, 10-u dövri mətbuat və 28-i miniatür kitab olub. Fonda yeni daxil olan kitablardan 96-sı Azərbaycan dilində, 24-ü isə xarici dildədir. Ümumiyyətlə, hazırda Naxçıvanşünaslıq Mərkəzinin fondunda 3250 sayda çap materialları saxlanılır. Onlardan 2 min 452-si kitab, 28-i miniatür kitab, 92-si avtoreferat, 678-i qəzet və jurnallardır. Bu mənbələr, əsasən, Naxçıvanın qədim və zəngin tarixini, mədəniyyətini, sosial-iqtisadi inkişafını, ictimai-siyasi həyatını, həmçinin Naxçıvanın görkəmli şəxsiyyətlərinin, elm adamlarının, şair və yazıçılarının həyatı və yaradıcılığını əks etdirir.
Qeyd olunan dövrdə mərkəzin arxiv fonduna Naxçıvanın tarixi, ictimai-siyasi və sosial-mədəni həyatını əks etdirən 81 yeni material daxil olub, qeydiyyatda olan materialların sayı 633-ə çatdırılıb. Həmçinin burada mətbuat materialları toplanıb və Naxçıvanşünaslıq üçün mühüm əhəmiyyət kəsb edən materiallar seçilərək mərkəzin elektron bazasında və kartotekalarda yerləşdirilib.
İnformasiya texnologiyalarının tətbiqi Naxçıvanşünaslıq Mərkəzinin fəaliyyətinin müasir tələblər səviyyəsində təşkilinə imkan verir. Mərkəzin internet saytının fəaliyyət göstərməsi kitab və digər məlumatların elektron bazasının yaradılması, onların geniş oxucu kütləsinə çatdırılması baxımından mühüm əhəmiyyət daşıyır. Ötən dövrdə kitabsaxlayıcı şöbədəki ədəbiyyatların elektron variantı hazırlanıb və Naxçıvanşünaslıq Mərkəzinin internet saytında yerləşdirilib. Təkcə bu ilin birinci yarımilində 142-si Azərbaycan dilində, 33-ü isə xarici dildə olmaqla, 175 adda kitabın elektron variantı hazırlanıb. Bu mənbələr Naxçıvanın elm adamları tərəfindən daim izlənib, bu günədək internet resurslarına 9 min 400-dən çox istinad olunub ki, bunun da 1012-si bu ilin ötən dövrünün payına düşür.
2015-ci ilin birinci yarısında mərkəzdə “Kənd təsərrüfatı ili” və “İnkişafın 20 ili” mövzularında bir sıra tədbirlər təşkil olunub, Naxçıvanın qədim və yeni tarixi, coğrafiyası, ədəbiyyatı, folkloru, milli mənəvi dəyərləri mövzularında açıq dərslər keçirilib.
Bu gün Naxçıvanşünaslıq Mərkəzi təkcə Naxçıvanın yox, bütövlükdə Azərbaycan elmi mühiti üçün mühüm elmi-tədqiqat mərkəzidir. Fəaliyyətə başladığı gündən mərkəzə Azərbaycanın digər bölgələrindən də alim və tədqiqatçılar müraciət edib, elektron sorğular göndərilib. Ötən dövrdə mərkəzə daxil olan bütün müraciətlərə baxılıb, sorğulara vaxtında və dolğun cavab verilib.
Naxçıvanşünaslıq Mərkəzinin əməkdaşları bundan sonra da öz üzərinə düşən vəzifələri layiqincə yerinə yetirəcək, fondu və elektron bazanı daha da zənginləşdirəcək, muxtar respublika elminin inkişafına öz töhfələrini verəcəklər.