Bu gün Bakı Mətbuat Mərkəzində yeni yaradılan "Avey" İdman Klubunun təqdimatı olub. Fanat.az xəbər verir ki, artıq klub rəhbərliyinin də kimliyinə aydınlıq gəlib.
İdman Klubuna Arzuman Abdulkərimov prezidentlik edəcək. Klubda Şahsuvar Məhyəddinov və Fərid Məmmədov kimi baş məşqçilər fəaliyyət göstərəcək. "Avey" Bakıda fəaliyyət göstərəcək. İdman Klubunun həm olimpiya, həm də qeyri-olimpiya idman növləri üzrə bölmələri olacaq. Buna qədər İdman Klubu "Olimp" adı ilə Qazaxda fəaliyyət göstərib.
Tədbirdə çıxış edən klub prezidenti Arzuman Abdulkərimov gələcəkdə görəcəkləri işlərdən danışıb. "Regionlarda kifayət qədər böyük işlər gördük və qərara gəldik ki, respublika səviyyəsində fəaliyyət göstərək. Ona görə də, adımızı dəyişməyi məsləhət bildik. Avey dağı Qazaxda yerləşən əzəmətli zirvədi. İnanırıq ki, klubumuz da belə möhtəşəm olacaq. Hər il mayın 10-da ümummilli liderin xatirəsinə futbol turniri keçiririk. 2013-cü ildə Dubayda keçirilən dünya çempionatında iki yetirməmiz gümüş medal qazanıb. 2012-ci ildə Potidə döyüşçülərimiz Qafqaz çempionatında yüksək nəticələlə qayıdıb".
"Avey" rəhbəri gələcəkdə futbol klubu yaratmaq fikri olduqlarını da gizlətməyib: "İdman tədbirlərindən başqa sosial layihələr də keçirməyi hədəfləyirik. Ən əsası, əsrimizin bəlası narkomaniyayla mübarizədə fəal olacağıq. Bundan başqa Qazax rayonundan ali məktəblərə qəbul olunan tələbələrə idman klubumuz adından pul mükafatı təqdim edəcəyik. İnanıram ki, qarşıdan gələn "İslam Həmrəyıik Oyunları"nda üzvlərimiz olsun. Bu işə bizi məcbur edən olmayıb. Çalışırıq ki, öz qəlbimizin hökmüylə ölkə idmanına xeyir verək. Heç kimdən də maddi dəstək istəməmişik. Sadəcə, tanınmış idman adamlarından və ictimai xadimlərdən qurulan idarə heyəti formalaşdıraq. Gələcəkdə futbol sahəsində yeni klub yaratmağı düşünürük".//sport7.az
Fanat.az