Stokholm, 23 sentyabr, AZƏRTAC
İsveç Miqrasiya İdarəsi qaçqın axını ilə əlaqədar miqrantlara verilən mənzillərin keyfiyyətinə tələbləri azaldıb.
İsveç KİV-lərinin yaydığı məlumata görə, bu il Skandinaviya Krallığı görünməmiş miqyasda qaçqın axını ilə üzləşib. Təkcə ötən həftə İsveçə 7 min miqrant gəlib. Qaçqınları məskunlaşdırmaq üçün mövcud düşərgələr çatışmadığına görə miqrasiya xidməti şəxsi ev sahiblərinə gəlmələri yerləşdirmək xahişi ilə müraciət edib. Özü də əgər əvvəllər məmurlar hər bir miqrant üçün 5 kvadratmetr mənzil sahəsi tələb edirdisə, indi tələblər xeyli yumşalıb - 3,3 kvadratmetr.
Mənzillə bağlı vəziyyət ölkənin bütün regionlarında kəskin surətdə pisləşib. Krallığın cənubundakı Malmö şəhərində yeniyetmə qaçqınların sayının çox olması üzündən hakimiyyət orqanları yay istirahət düşərgəsi açıblar. Yeniyetmələrlə işləmək üçün sosial işçilərin qəbulu elan edilib.
Qeyd edək ki, bu il İsveçə 65 mindən çox miqrant gəlib.
Rauf Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Stokholm