Şimali Koreya ABŞ və Cənubi Koreyanın birgə hərbi fəaliyyətlərinə sərt reaksiya verərək nüvə silahından istifadəyə dair xəbərdarlıq edib.

Metbuat.az xəbər verir ki, Şimali Koreya Müdafiə Nazirliyi ABŞ və Cənubi Koreyanın hərbi fəaliyyətlərini ölkənin təhlükəsizliyinə qarşı “ciddi təhdid” kimi qiymətləndirib.

Koreya Mərkəzi Xəbər Agentliyinin (KCNA) yaydığı məlumata əsasən, Pxenyan ABŞ və Cənubi Koreyanın addımlarının Şimali Koreyaya qarşı hücum, eləcə də kütləvi qırğın silahlarından istifadə təhlükəsi yaratdığını iddia edib.

Bildirilib ki, belə təhdidlərin davam etməsi halında Şimali Koreyanın 2022-ci ildə qəbul etdiyi nüvə silahlı qüvvələr haqqında qanunun müvafiq müddəaları tətbiq oluna bilər.

Sözügedən qanun müəyyən şərtlər daxilində nüvə silahından istifadəyə imkan verir. Ölkə rəhbərliyinə və ya nüvə komanda-idarəetmə sisteminə hücum edilməsi, həmçinin Şimali Koreyaya qarşı nüvə və digər kütləvi qırğın silahlarından istifadə təhlükəsinin yaranması bu hallar sırasındadır.

Qeyd edək ki, Koreya yarımadasında son günlər hərbi fəallıq yenidən artıb. Şimali Koreya sentyabrın 12-də raket, artilleriya və pilotsuz uçuş aparatlarının cəlb olunduğu genişmiqyaslı atəş təlimləri keçirib. Təlimlər ABŞ, Cənubi Koreya və Yaponiyanın üçtərəfli hərbi manevrlərindən sonra baş tutub.