Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi, general-polkovnik Əli Nağıyevin rəhbərlik etdiyi nümayəndə heyəti Qazaxıstanda keçirilən regional təhlükəsizlik toplantısında iştirak edib.

Metbuat.az xəbər verir ki, bu barədə DTX-nin Mətbuat xidməti məlumat yayıb.

Mərkəzi Asiya dövlətləri və Azərbaycanın xüsusi xidmət orqanları rəhbərlərinin iştirakı ilə keçirilən görüş “Müasir təhdidlər şəraitində regional təhlükəsizliyin təmin olunması” mövzusuna həsr edilib.

Tədbirdə çıxış edən Əli Nağıyev Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə münasibətlərinin yeni mərhələyə yüksəldiyini bildirib. O, Prezident İlham Əliyevin Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşündə iştirakının tərəflər arasındakı münasibətlərin strateji xarakterini nümayiş etdirdiyini qeyd edib.

DTX rəisi çıxışında regional təhlükəsizliyə əsas təhdidlərə də toxunub. Beynəlxalq terrorçuluq, dini ekstremizm, transmilli cinayətkarlıq, narkotik və silahların qanunsuz dövriyyəsi ilə yanaşı, kibercinayətkarlığın yeni formaları və kritik infrastruktura qarşı təhlükələr xüsusi qeyd olunub.

Əli Nağıyev cinayətkar və terrorçu qruplaşmaların müasir informasiya texnologiyalarından istifadə edərək nəqliyyat, kommunikasiya və digər həyati əhəmiyyətli infrastrukturların fəaliyyətinə təsir göstərmək imkanlarının narahatlıq doğurduğunu vurğulayıb.

Görüşün yekununda regional təhlükəsizlik və sabitliyin gücləndirilməsi məqsədilə xüsusi xidmət orqanları arasında sıx əməkdaşlığın davam etdirilməsi barədə razılıq əldə olunub.