Avropa Komissiyası oktyabrın 1-də Türkiyə ilə “Cənub” qaz dəhlizi və TANAP layihələrini müzakirə edəcək

Avropa Komissiyası oktyabrın 1-də Türkiyə ilə “Cənub” qaz dəhlizi və TANAP layihələrini müzakirə edəcək
16:03 29 Sentyabr 2015
Ölkə mətbuatı
A- A+


Bakı, 29 sentyabr, Nihat Budaqov, AZƏRTAC
Avropa Komissiyası oktyabrın 1-də Türkiyə ilə “Cənub” qaz dəhlizi və Trans-Anadolu qaz boru kəməri – TANAP layihələrini müzakirə edəcək.
AZƏRTAC Anadolu agentliyinə istinadla xəbər verir ki, bu barədə Avropa Komissiyasının enerji məsələləri üzrə vitse-prezidenti Maroş Şevçoviç məlumat verib. O qeyd edib ki, Avropa üçün strateji əhəmiyyətə malik olan “Cənub” qaz dəhlizinin TANAP layihəsinə birləşdirilməsi üçün oktyabrın 1-də Türkiyə ilə yenidən müzakirələr aparılacaq.
“Cənub” qaz dəhlizinin bir hissəsi olan Cənubi Qafqaz Boru Kəmərinin (CQBK) təməlinin qoyulması mərasimində iştirak etdiyini xatırladan M.Şevçoviç TANAP-ın həyata keçirilməsində aktiv rol oynamağa hazır olduqlarını deyib.
Azərbaycanın “Şahdəniz-2” yatağından hasil olunacaq qazı Türkiyəyə və qardaş ölkədən də Avropaya nəqlini nəzərdə tutan TANAP-ın uzunluğu təxminən 1850 kilometrdir. TANAP Türkiyənin Gürcüstanla sərhədindəki Ardahan vilayətinin Posof mahalından başlayaraq 21 vilayətdən keçməklə qardaş ölkənin Yunanıstanla sərhədindəki Ədirnə vilayətinin İpsala qəsəbəsinədək uzanacaq. Boru kəmərinin 2018-ci ildə istismara verilməsi planlaşdırılır. TANAP-la Avropaya 10 milyard, Türkiyəyə isə 6 milyard kubmetr Azərbaycan qazının nəqli nəzərdə tutulur. İlkin ötürücülük qabiliyyəti ildə 16 milyard kubmetr olacaq kəmərin bu tutumunun 2023-cü ildə 23 milyard kubmetrə və 2026-cı ildə isə 31 milyard kubmetrə çatdırılması nəzərdə tutulur.
“Cənub” qaz dəhlizinin ən uzun hissəsini təşkil edən TANAP Cənubi Qafqaz Boru Kəmərindən alacağı təbii qazı 2020-ci ilin əvvəlindən etibarən “Trans-Adriatik” (TAP) boru kəmərinə qoşularaq Yunanıstan, Albaniya və İtaliyadan keçməklə Avropaya çatdıracaq.
TANAP-ın səhmdarlarının bu layihədə payı belədir: “Cənub” qaz dəhlizi” Qapalı Səhmdar Cəmiyyəti (QSC) - 58 faiz, BOTAŞ - 30 faiz və bp şirkəti - 12 faiz.



Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Avropa_Komissiyasi_oktyabrin_1_de_Turkiye_ile_Cenub_qaz_dehlizi_ve_TANAP_layihelerini_muzakire_edecek-888185

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR