Şifahi nitqi yazıya çevirən “Dilmanc İmla” proqramı təkmilləşdirilib

Şifahi nitqi yazıya çevirən “Dilmanc İmla” proqramı təkmilləşdirilib
19:53 29 Sentyabr 2015
Ölkə mətbuatı
A- A+


Bakı, 29 sentyabr, Xatirə Cəfərova, AZƏRTAC
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Dilmanc” layihəsi çərçivəsində hazırlanan “Dilmanc İmla” proqramının yeni versiyası çıxıb. Tamamilə ödənişsiz yayılan proqram şifahi nitqi avtomatik olaraq yazıya çevirməklə klaviaturada yığmaqdan bir neçə dəfə sürətli yazı yazmağa, sənədləri hazırlamağa imkan verir. Proqramın yeni versiyası şifahi danışığı yazıya çevirərkən durğu işarələrini avtomatik qoyur və cümlədəki xüsusi adları böyük hərflə yazır.
Layihə qrupundan AZƏRTAC-a verilən məlumata görə, bütün nitqin tanınması sistemləri şifahi danışığı yazıya çevirərkən durğu işarələrinin harada olmasından, nitqə qulaq asaraq hansı sözün böyük hərflə yazılmasından məlumatsız olurlar. Problemi həll etmək üçün internetdə Azərbaycan dilli saytlardakı mətnlər köçürülərək maşın öyrənməsi alqorimtləri ilə analiz edilib, durğu işarələrin yerini və xüsusi isimləri avtomatik müəyyən edən statistik modellər yaradılıb.
“Dilmanc İmla” proqramını ödənişsiz olaraq “Android” və iOS telefonlarına yükləmək mümkündür. Daha sonra layihənin saytından (dilmanc.az/dilmanc-imla) kompyuterə əlaqələndirici proqram yükləmək lazımdır. Bu proqramda göstərilən kodu telefona daxil etdikdən sonra, telefona deyilən şifahi nitq avtomatik olaraq mətnə çevrilib kompyuterdə yazılır və klaviaturada yazmağa ehtiyac qalmır.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Sifahi_nitqi_yaziya_cheviren_Dilmanc_Imla_proqrami_tekmillesdirilib-888293

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR