Sumqayıt, 30 sentyabr, AZƏRTAC
Sumqayıt Dövlət Universitetində (SDU) Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzinin nümayəndələri tələbələrlə görüşüb.
SDU-nun mətbuat xidmətindən AZƏRTAC–a bildirilib ki, görüşdə humanitar məsələlər üzrə prorektor, dosent Nizami Namazov çıxış edərək müasir dövrdə informasiya-kommunikasiya texnologiyalarının (İKT), elmtutumlu yüksək texnologiyaların inkişaf etdirilməsinin hər bir inkişaf etmiş ölkənin intellektual və elmi potensialının vacib göstəricilərindən biri olduğunu vurğulayıb. Qeyd olunub ki, yüksək texnologiyaların sürətli inkişafı və tətbiqi cəmiyyətin inkişafı üçün geniş imkanlar yaradır. Ölkəmizdə də yeni texnologiyaların tətbiqi üzrə mühüm addımlar atılır. Demokratik cəmiyyətin, şəffaf ictimai münasibətlərin formalaşdırılması məqsədilə “Elektron hökumət” infrastrukturu yaradılıb.
Bildirilib ki, Azərbaycan Prezidenti İlham Əliyevin diqqət və qayğısı sayəsində elektron idarəetmə sisteminin tətbiqi hazırda dövlət siyasətinin başlıca istiqamətinə çevrilib və bu sahənin daha sürətlə inkişaf etdirilməsi üçün gənclərə böyük önəm verilir.
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzinin Dövlət reyestri şöbəsinin müdiri İlqar Abdullayev təmsil etdiyi qurumun elektron hökumət quruculuğu istiqamətində gördüyü işlərdən və gələcək planlardan söhbət açıb, “Elektron hökumət” portalı haqqında məlumat verib.
Diqqətə çatdırılıb ki, artıq elektron imzaların istifadəsi üçün Milli Sertifikasiya Xidmətləri Mərkəzi yaradılıb, dövlət qurumlarının informasiya sistemləri arasında informasiya mübadiləsini təmin edən infrastruktur qurulub. “Elektron hökumət” portalı hazırlanaraq istifadəyə verilib, bütün dövlət qurumları bunlardan bəhrələnərək vətəndaşlara elektron xidmətlərin göstərilməsini təmin edirlər.
Mərkəzin baş mütəxəssisi Nadir Rəsulov “Elektron hökumət” infrastrukturunun və “Elektron imza”nın əhəmiyyətindən danışıb.
Tədbirdə fəal iştirak edən SDU-nun 10 tələbəsinə pulsuz “e-imza” sertifikatı verilib.