Bakı, 2 oktyabr, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) akademik-katibi, AMEA İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyevin, texnika elmlər doktoru Ramiz Alıquliyevin və institutun şöbə müdiri Gülnarə Nəbibəyovanın həmmüəllifi olduqları “Beynəlxalq əlaqələr əsasında ölkələrin inteqrasiya dərəcəsinin ölçülmə metodu” adlı məqalə Çinin “International Journal of Intelligent Systems and Applications” jurnalında dərc olunub.
AMEA-dan AZƏRTAC-a bildiriblər ki, məqalə qloballaşan dünyada ölkələr arasında inteqrasiya proseslərinin ölçülməsinə həsr edilib.
Məqalədə inteqrasiya anlayışı, ölkələrin inteqrasiyası, ölkələrin əsas inteqrasiya xüsusiyyətləri və göstəriciləri araşdırılıb. Ölkələr arasında əlaqələrin və imzalanmış müqavilələrin sayı ölkələrin inteqrasiya dərəcəsinin müəyyən edilməsi üçün əsas göstəricilər kimi təklif olunub. Çəki əmsallarının hesablanması əsasında ölkələrin inteqrasiya dərəcəsinin ölçülmə metodu təklif olunub. Bu baxımdan qraf nəzəriyyəsindən istifadə edərək müvafiq alt sistemin informasiya modeli təsvir edilib.