Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində həbsdə olan qardaşına qarşı dələduzluqda təqsirləndirilən Bakı şəhər sakini Fəxrəddin Dadaşovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.

Lent.az-ın məlumatına görə, hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən məhkəmədə təqsirləndirilən şəxs çıxış edib. O bildirib ki, onun əməllərində dələduzluq yoxdur: “Balamın canı, mən qardaşıma atmaram. O vaxt birinci dəfə tutulanda onu qoymadım “sroka” getsin. Adamın kişiliyi olar, əgər elə bir şey ələsəm deyərəm ki eləmişəm. Hər həftə onun yanına gedib 2000 manat pul vermişəm ki, həbsxanada rahat otursun”.

Bu zaman məhkəmədə ara qızışıb. Zərərçəkən Firudin qardaşının yalan danışdığını bildirib: “İllərdir, mənim başıma aldadır, şikayətçiyəm, mənə hər həftə 2000 manat verib eləməyib. Nədi, mən həbsxanada neyləyəcəm o boyda pulu?”

Fəxrəddin Dadaşov qardaşının ünvanı ağır və təhqiramiz ifadələr işlədib. “Camaatın balasını zəhərləyən, binamus”.

Prosesdə fasilə elan olunub.

Hakim məhkəmə istintaqın baş çatması ilə bağlı qərar qəbul edib. Söz dövlət ittihamçısına verilib. Dövlət ittihamçısı çıxış edərək, məhkəmədən təqsirləndirilən şəxsin 10 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Firudin Dadaşov dövlət ittihamçısının istədiyi cəzanın qardaşı üçün az olduğunu bildirib.

Təqsirləndirilən Fəxrəddin Dadaşovun vəkili çıxış edərək, müdafiə etdiyi şəxsin günahsız olduğunu bildirib.

Hakimlər məhkəmə fasilə elan edib.

Qeyd edək ki, Fəxrəddin Dadaşov dələduzluqda təqsirləndirilir. İttiham aktına görə, o, həbsdə yatan qardaşı Firudin Dadaşovun 174 min manat pulunu mənimsəyərək dələduluzluq edib. Belə ki, ailə Tural adlı şəxslə tanış olub. Tural Firudinin həbsxanadan azad olunması üçün onlardan 174 min manat pul alıb. Tural söz verdiyi əməli reallaşdıra bilməyib. Ailə onu məhkəmə verib. Tural həmin məbləği natorial qaydada Fəxrəddin Dadaşova qaytarıb. Bundan sonra Fəxrədin Dadaşov həmin pulla qardaşını həbsxanadan çıxaracağı bildirsə də, pulu mənimsəyib. 7 ildən artıq bir müddətdə o puldan az miqdarda həbsxanadakı qardaşına verib. Pulun sahibi Firudin Dadaşov isə qardaşı tərəfindən aldadıldığını iddia edərək şikayət verib.

Polis əməkdaşların əməliyyat-axtarış tədbirləri nəticəsində Fəxrəddin Dadaşov saxlanılıb.

Fəxrəddin Dadaşov isə ona qarşı verilən ittihamları əsassız sayaraq dələduzluq etmədiyini bildirib.

Onu da qeyd edək ki, bu prosesdə zərərçəkən Firudin Dadaşov 2008-ci ildə MTN-nin əməliyyat-axtarış şöbəsinin əməkdaşları 67 kq narkotik maddə ilə saxlanılmışdı. Ağır Cinayətlərin məhkəməsinin hökmü ilə 14 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.