Bakı, 13 oktyabr, AZƏRTAC
Azərbaycan qeyri-maddi mədəni irs sahəsinin qorunması, dəstəklənməsi, əhalinin asudə vaxtının mədəni təşkili üçün, o cümlədən onun infrastrukturunu təşkil edən klub müəssisələrinin fəaliyyətinin yenidən qurulması məqsədilə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən Şəhər (Rayon) Mədəniyyət Mərkəzləri yaradılıb. Hazırda Mədəniyyət Mərkəzlərinin fəaliyyətlərinin təşkili istiqamətində iş aparılır.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, görülən işlərin davamı olaraq bu sahədə aparılan islahatların operativ və səmərəli təşkili məqsədilə oktyabrın 10-da Bərdə rayon Mərkəzi Uşaq Kitabxanasında Zərdab, Ucar, Bərdə, Tərtər, Ağcabədi, Beyləqan, Laçın rayonlarının, oktyabrın 13-də İsmayıllı rayon Mədəniyyət Mərkəzində isə Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Ağdaş, Göyçay, Şamaxı rayonlarının mədəniyyət mərkəzlərinin direktorları və metodistləri, o cümlədən aparıcı filialların (mədəniyyət, folklor, sənətkarlıq və s. evləri və klublar) rəhbərləri üçün səyyar seminarlar təşkil edilib.
Mədəniyyət və Turizm Nazirliyinin sektor müdiri Yaşar Hüseynli və həmin sektorun aparıcı məsləhətçisi Vüqar Məmmədov tərəfindən keçirilmiş regional səyyar seminarlarda nazirliyinin müvafiq qərarı ilə təsdiq edilmiş “Şəhər (Rayon) Mədəniyyət Mərkəzlərinin Nümunəvi Əsasnaməsi”nin tətbiqi və islahatlara dair digər mövzular barədə ətraflı məlumat verilib, seminar iştirakçılarını maraqlandıran məsələlər izah edilib, yaranan suallar cavablandırılıb.