Bakı, 15 oktyabr, AZƏRTAC
Azərbaycan Su İdman Növləri Federasiyasının icrayyə komitəsinin iclası keçirilib.
Federasiyadan AZƏRTAC-a bildiriblər ki, iclasda qurumun fəaliyyət planları və görüləcək işlər müzakirə olunub. Tədbirdə Azərbaycan Su İdman Növləri Federasiyasının yeni vitse-prezidenti təyin olunub. Bu vəzifəyə Bakı Su İdmanı Sarayının direktoru Elçin Həsənov təsdiq edilib.
Tədbirdə gündəliyə uyğun olaraq, “Rio-2016” Olimpiadasına və "Bakı-2017" IV İslam Həmrəylik Oyunlarına hazırlıq planları, görüləcək işlər, qarşıda duran vacib məsələlər ətrafında müzakirələr aparılıb.
İcraiyyə komitəsinin iclasında, həmçinin federasiyanın nəzdində fəaliyyət göstərən su idmanı növləri üzrə komandaların məşqçilərinin hesabatları dinlənilib. Federasiya rəhbərliyinə “Bakı-2015” birinci Avropa Oyunlarında idmançılarımızın çıxışları, bu mötəbər yarışdan sonra gənclərin su idmanı növlərinə artan marağı, qarşıdakı illərdə keçiriləcək turnirlərdə iştirak və bir çox məsələlər barədə məlumat verilib.