Hüquq mühafizə orqanları tərəfindən saxlanılan qadın 12 min ABŞ dollarını mənimsəməkdə ittiham olunur.
"Tale" Xeyriyyə Cəmiyyətinin sədri Xuraman Xudiyeva CM-nin 178-ci (dələduzluq) maddəsi ilə təqsirli bilinərək həbs olunub. O, özünə məxsus olmayan torpaq sahəsini Qətibə adlı tanışına sataraq zərərçəkəndən 12000 dollar alaraq dələduzluq edib. Dediyinə görə, bu işdə tək olmayıb və Qətibəni Bəxtiyar Həsənov adlı tanışının vasitəsi ilə tanıyıb.
Saxlanılan şəxsin sözlərinə görə, əldə olunan puldan cəmi 700 manat ona çatıb. İstintaq Xuraman Xudiyevanın olmayan torpağın sahibi kimi danışıqlarda iştirak etdiyini sübuta yetirib.
Xuraman Xudiyeva - saxlanılan şəxs: "Bəxtiyar mənə zəng elədi ki, Sədərəkdə işləyirəm, yanımda bir qadın var, torpaq almaq istəyir, 12 min pulu var. Dedi ki, mən o pulu götürürəm, amma 2 aydan sonra qaytaracağam. Mən də inandım, pulu götürdük. Daha sonra qadın zəng elədi ki, pulu qaytarın. Mən də həmin dəqiqə pulu Bəxtiyara qaytardım. O da qadına zəng eləyib dedi ki, pulu gətirirəm, sonra da telefonu söndürdü. 15 gündən sonra Bəxtiyara dedim ki, pulu qaytar, yoxsa bizi tutacaqlar. O da dedi ki, narahat olma, mən qadınla danışmışam, 1 aydan sonra pulu qaytaracağam. Mən də dedim ki, onda mənə 700 manat ver, 1 həftəyə qaytarım".
Polisdən bildirilib ki, adı çəkilən Bəxtiyar Həsənov istintaqa dəvət olunub. O, dindirildikdən sonra dələduzluq əməlinin kimin tərəfindən törədildiyi tam dəqiq bilinəcək. Xatırladaq ki, Xuraman Xudiyevanın bir neçə il əvvəl eyni maddə ilə həbs olunduğu, lakin şərti cəza alaraq həbsxana həyatı yaşamadığı məlum olub.
Region TV
Videonu izləmək üçün şəklə klikləyin.

