Bakı, 15 oktyabr, AZƏRTAC
Oktyabrın 15-də Azərbaycan Güləş Federasiyasında (AGF) qurumun nümayəndəliklərinin kuratorları və məşqçiləri ilə görüş keçirilib.
AZƏRTAC xəbər verir ki, görüşdə əvvəlcə kuratorların və məşqçilərin hesabatı dinlənilib.
Sonra çıxış edən AGF-in baş katibi Əjdər Cəfərov ümumilikdə bölgələrdə görülən işlərin səviyyəsindən məmnunluğunu bildirib, qarşıda duran vəzifələrdən danışıb. Federasiyanın prezidenti Fazil Məmmədovun regionlarda güləşin inkişafı ilə bağlı əmrini görüş iştirakçılarına xatırladan Ə.Cəfərov AGF rəhbərliyinin regionlarda perspektivli gənclərin üzə çıxarılmasına və güləşə cəlb olunmasına xüsusi diqqət ayırdığını qeyd edib.
Qeyd olunub ki, ötən həftə bölgələrdə seçim xarakterli zona yarışlarında sərbəst güləş üzrə 689, yunan-Roma güləşi üzrə 535 yeniyetmə iştirak edib. Məşqçi-müəllimlər kütləviliyin artırılmasına daha çox diqqət ayırmalı, təbliğat işini artırmalı və daha çox perspektivli gəncin güləşə cəlb olunmasına çalışmalıdır. Federasiya rəhbərliyinin göstərişi ilə nümayəndəliklərin hər biri üçün yüksək şərait yaradılıb, bütün zallar güləş avadanlığı və inventarlarla təchiz olunub. Həm kuratorlar, həm də məşqçilər öz işlərinə daha ciddi yanaşmalı, bəzi hallarda əvvəlkindən də artıq çalışmalıdırlar.
Görüşün sonunda AGF nümayəndəliklərinin məşqçi və kuratorlarının gələcək planları müəyyənləşdirilib, müvafiq göstərişlər verilib.
Xatırladaq ki, oktyabrın 26-28-də Helsinki Olimpiya Oyunlarının gümüş mükafatçısı Rəşid Məmmədbəyovun xatirəsinə növbəti açıq respublika turniri keçiriləcək. Turnirin final mərhələsində bütövlükdə AGF-nin 8 nümayəndəliyini təmsil edən 170 sərbəst və 160 yunan-Roma güləşçisi mübarizə aparacaq.