Bakı, 16 oktyabr, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin (FHN) idman-sağlamlıq klubu və nazirliyin işçilərinin həmkarlar ittifaqının birgə təşkilatçılığı ilə FHN-in 10 illik yubileyi münasibətilə qurumlar arasında voleybol üzrə çempionat keçirilib.
FHN-in idman-sağlamlıq klubundan AZƏRTAC-a bildiriblər ki, çempionatda 16 komanda və 200-ə yaxın idmançı qüvvəsini sınayıb. Gərgin idman mübarizəsi şəraitində keçən yarışın final görüşü FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin (TTNDA) və Maddi-Texniki Təchizat İdarəsinin (MTTİ) komandaları arasında olub. Rəqibini məğlub edən TTNDA-nın komandası çempionatın qızıl medalına layiq görülüb. İkinci yerə MTTİ, üçüncü yerə isə Dövlət Yanğından Mühafizə Xidmətini məğlub edən Xüsusi Riskli Xilasetmə Xidmətinin komandası çıxıb.
Tədbirdə çıxış edən Fövqəladə Hallar Nazirliyi işçilərinin həmkarlar ittifaqının sədri Mehman İsmayılov yarışda mübarizə aparan komandaları təbrik edib, onlara növbəti turnirlərdə uğurlar arzulayıb.
Qalib komandaları təbrik edən idman-sağlamlıq klubunun rəisi, polkovnik Füzuli Musayev bildirib ki, artıq ənənəyə çevrilən voleybol üzrə çempionat altıncı dəfədir keçirilir. O qeyd edib ki, il ərzində keçirilən yarışlar nazirliyin yaradılmasının 10 illiyinə həsr olunub və ilin sonunda qalib komandalar mükafatlandırılacaq.
Sonda qalib komandalara kubok, medal və diplomlar təqdim olunub. Veteran voleybolçu (TTNDA) yarışın ən yaşlı iştirakçısı Adil Hümbətov kubokla təltif edilib.
Çempionatın baş hakimi Səbuhi Əliyev olub.
Tədbirdə Azərbaycan Voleybol Federasiyasının hakimlər kollegiyasının sədri Oqtay Musayev iştirak edib.




