Berlin, 16 oktyabr, AZƏRTAC
Müxtəlif proqnozlara əsasən, bu il AFR-ə milyondan çox qaçqın gələcək. Onların əksəriyyəti müsəlmanlardır. Onları alman ictimaiyyətində necə qəbul edirlər? Bu qavrama dəyişiləcəkmi?
“Alman dalğası” agentliyi alman ictimaiyyətində əhval-ruhiyyəni təhlil edərək yazır ki, müsəlmanlara inamsızlıq müxtəlif səviyyədə olsa da, cəmiyyətin bütün təbəqələrinə nüfuz edir, hərçənd bu inamsızlığın səviyyəsi müxtəlifdir. Bu münasibət haradan yaranır? Publisist Hola Məryəm Hyubş “Qantara” (ərəbcə “Körpü”) internet-portalında yazır: “Siyasi ritorika ilə qızışdırılan bu vahimə hər şeydən əvvəl cahillik və mövhumatın bəhrəsidir. Tarix göstərir ki, cəmiyyətdə həll edilməyən problemlərin dini azlıqların uydurma təhlükəsinə proyeksiyası – yeni məsələ deyil”.
Alman ictimaiyyətində həll edilməmiş problemlər həqiqətən çoxdur. Onlardan biri müsəlman azlıqların tələbləridir. Berlinin Noyköln rayonunun sabiq burqomistri Haynts Buşkovski onlar haqqında yazır. 2014-cü ildə həmin rayonun əhalisi 320 min nəfər, o cümlədən birinci və ikinci nəsil olmaqla 135 min miqrant əhalisi var idi. Problem çox idi. Məsələn, müsəlman valideynlər müəllimlərə və tərbiyəçilərə uşaq bağçalarında vetçina və ya donuz ətindən olan kolbasadan hazırlanmış buterbrod yeməyi qadağan etməyi tələb edirdilər: guya onlar uşaqları murdarlaya bilərlər.
Bu yaxınlarda “Allensbach” ictimai rəyin öyrənilməsi institutu “İslam Almaniyanın tərkib hissəsi sayılırmı?” mövzusunda reprezentativ sorğu keçirib. Onun nəticələrinə görə, rəyi soruşulanların 63 faizi “yox” cavabını verib, 22 faiz hesab edir ki, islam tərkib hissəsinə çevrilib, 15 faiz isə müəyyən fikir üzərində qərarlaşa bilməyib.
İslam üzrə dünyanın ən məşhur ekspertlərindən biri olan Olivye Roy hesab edir ki, islam digər dinlər üzərində ağalıq etməyə çalışmır. Əksinə, o, rəsmi tanınmağa iddia etməklə multikultural Qərb cəmiyyətlərinin oyun qaydalarını mənimsəyir. Roy əminliklə yazır: “Öz dəyərlərinin tanınmasına cəhd edən bu azlıq dəyərlər və dini etiqad plüralizmini tanıyır”.
Ölkədə müsəlmanların sayının kəskin artması Almaniyada küçə və şəhərlərin zahiri görkəminin dəyişməsinə gətirib çıxaracaq. Dinin sosiologiyası sahəsində ekspert, islam üzrə mütəxəssis Rauf Çeylanın fikrincə, bu, immiqrasiya ölkəsində normal haldır. O vurğulayır ki, “həlledici faktor bütün tərəflərdən tolerantlığın yüksək dərəcəsidir ki, cəmiyyət mədəni və dini müxtəlifliyə tab gətirsin”.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin