Tokio, 17 oktyabr, AZƏRTAC.
Azərbaycanın Yaponiyadakı səfirliyinin təşəbbüsü və “ITOCHU” şirkətinin təşkilatçılığı ilə Tokioda bu ölkənin nüfuzlu daşınmaz əmlak agentliklərindən biri olan “ITOCHU Urban Community”nin əməkdaşları üçün “Azərbaycanın son inkişaf tendensiyaları” mövzusunda təqdimat keçirilib.
Şirkətin 100-dən artıq əməkdaşının birbaşa qatıldığı tədbirdə ölkəmizin Yaponiyadakı səfiri Gürsel İsmayılzadə tərəfindən təqdim edilən məlumatları, eyni zamanda, agentliyin digər regionlardakı ofisləri video-konfrans vasitəsilə izləyiblər.
Diplomat Azərbaycanın inkişaf tarixi, mədəniyyəti, bu günə olan siyasi və iqtisadi vəziyyəti haqqında geniş məlumat verib, iqtisadi inkişaf tendensiyaları, enerji və qeyri-neft sektorundakı inkişaf meylləri haqqında danışıb.
Azərbaycan-Yaponiya münasibətlərinə toxunan səfir son illər iki dost ölkə arasında əməkdaşlıq əlaqələrinin xeyli canlandığını bildirib. Tədbirin keçirildiyi şirkət üçün birbaşa maraq kəsb edən Azərbaycanda daşınmaz əmlak bazarı, şəhər quruculuğu, inşaat sektorundakı inkişaf və ölkəmizdəki irimiqyaslı layihələr barədə danışan diplomat dinləyicilərin çoxsaylı suallarını da cavablandırıb.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio

