Bakı, 2 fevral, AzərTAc
Fevralın 2-də Azərbaycanlıların və digər Türk Xalqlarının Əməkdaşlıq Mərkəzi (ATXƏM) Mətbuat Şurasının və Milli QHT Forumunun dəstəyi ilə “Azərbaycanlıların soyqırımı XX əsrin insanlığa qarşı cinayətidir” mövzusunda tədbir keçirib.
AzərTAc xəbər verir ki, tədbirdə Moldova ombudsmanı Aurelia Qriqoriu, rəsmi şəxslər, xarici ölkələrin Azərbaycandakı səfirləri iştirak ediblər.
Mətbuat Şurasının sədri Əflatun Amaşov çıxış edərək Xocalı faciəsinin bəşər tarixinin qanlı səhifəsi olduğunu deyib. Ermənilərin hələ XX əsrin əvvəllərində məqsədlərinə nail olmaq üçün çoxsaylı qətliamlar törətdiyini bildirən Ə.Amaşov bu hadisələrin İkinci Dünya müharibəsi bitdikdən sonra daha böyük vüsət aldığını söyləyib: “Xocalı faciəsi isə həmin hadisələrin zirvəsində dayanır”. Ə.Amaşov bildirib ki, ölkəmizin qarşısında duran ən böyük məqsəd Xocalı soyqırımını daha geniş şəkildə dünya ictimaiyyətinin diqqətinə çatdırmaqdır.
ATXƏM-in sədri İlham İsmayılov rəhbərlik etdiyi qurumun Xocalı soyqırımının dünyada tanıdılması istiqamətində gördüyü işlərdən danışıb. Qeyd olunub ki, təşkilat hər il Strasburqda Xocalı faciəsi ilə bağlı yürüş keçirir. Bu il fevralın 25-də Avropa Parlamenti önündə Belçika-Azərbaycan Dostluq Cəmiyyəti ilə birgə mitinq keçiriləcək.
Milli QHT Forumunun prezidenti Rauf Zeyni azərbaycanlılara qarşı törədilən faciələrin xalqımızın qan yaddaşı olduğunu söyləyib. Bildirib ki, Azərbaycan xalqı Xocalı soyqırımının dünyada tanıdılması istiqamətində məqsədyönlü fəaliyyət göstərir.
Ombudsman Aureliya Qriqoriu Xocalı faciəsini törədənlərin beynəlxalq ədalət məhkəməsi qarşısında mühakimə olunmasının vacibliyini qeyd edib. O, azərbaycanlılara qarşı törədilən bu soyqırımını bəşəri cinayət adlandırıb.
Ombudsman Bakıda törədilmiş 20 Yanvar faciəsinin 25 illiyi ilə əlaqədar Moldovada keçirilən tədbirlərdə Xocalı soyqırımı haqqında da filmin nümayiş etdirildiyini diqqətə çatdırıb. O deyib ki, beynəlxalq ictimaiyyət bu cür hadisələrə biganə yanaşmamalıdır. Amma təəssüf ki, dünyada ikili standartlar hökm sürür.